AnalitikaGündəmSiyasət

Azərbaycan və Mərkəzi Asiya – Tərəfdaşlıqdan Strateji Müttəfiqliyə

Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşü region ölkələri arasında strateji əməkdaşlığın və inteqrasiyanın yeni mərhələsini nümayiş etdirdi. Tədbirdə fəxri qonaq qismində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı Azərbaycanın Mərkəzi Asiya regionu ilə dərinləşən tarixi, siyasi və iqtisadi əlaqələrinin bariz təcəssümü oldu.

Prezident İlham Əliyev öz çıxışında Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərinin möhkəm təməllər üstündə qurulduğunu vurğuladı. Xalqlarımızı birləşdirən ümumi soykök, zəngin mədəni irs və tarixi bağlar müasir dövrdə dövlətlərarası münasibətlərin inkişafında müstəsna rol oynayır. Son illərdə qarşılıqlı səfərlərin intensivləşməsi, imzalanan strateji sənədlər və beynəlxalq təşkilatlar çərçivəsində göstərilən yekdil dəstək bu əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini sübut edir.

Dövlət başçısının çıxışında xüsusi yer ayıran əsas məsələlərdən biri də nəqliyyat-kommunikasiya layihələri və logistika imkanlarının genişləndirilməsi oldu. Prezident İlham Əliyev Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın müasir infrastruktur imkanlarını bir daha diqqətə çatdırdı.

Mərkəzi Asiya ölkələri ilə birgə həyata keçirilən layihələr, xüsusilə Orta Dəhliz (Xəzərüstü Beynəlxalq Nəqliyyat Marşrutu) regionun qlobal ticarətdəki strateji çəkisini artırır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürücülük qabiliyyətinin artırılması, Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsi və Mərkəzi Asiya ölkələrinin tranzit potensialının birləşdirilməsi regionu Avrasiyanın mühüm logistik qovşağına çevirir.

Çıxışda ticarət dövriyyəsinin həcminin artırılması və qarşılıqlı investisiya qoyuluşlarının təşviqi məsələlərinə də toxunuldu. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə yaradılmış birgə investisiya fondları artıq öz bəhrəsini verməkdədir. Sənaye, kənd təsərrüfatı, bərpa olunan enerji və rəqəmsallaşma sahələrində birgə layihələrin icrası regional iqtisadi dayanıqlılığın möhkəmlənməsinə xidmət edir.

Enerji sahəsindəki əməkdaşlıq xüsusi vurğulanan digər vacib istiqamət oldu. Ənənəvi karbohidrogen resurslarının nəqli ilə yanaşı, Mərkəzi Asiya, Azərbaycan və Avropa arasında “yaşıl enerji” dəhlizinin yaradılması üzrə atılan addımlar strateji əhəmiyyət kəsb edir. Bərpa olunan enerji mənbələrinin inkişafı və bu enerjinin dünya bazarlarına çıxarılması üzrə birgə səylər regionun globai iqlim gündəliyinə töhfəsini göstərir.

Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündəki proqram xarakterli çıxışı bir daha göstərdi ki, Azərbaycan və Mərkəzi Asiya vahid geo-strateji və iqtisadi məkan kimi çıxış edir. Bu tərəfdaşlıq yalnız iştirakçı dövlətlərin rifahına deyil, bütövlükdə Avrasiya regionunda sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına mühüm töhfə verir.

Həmidə Əliəvsərova,
KBTRL-nin həkim-pediatr 

Oxşar Xəbərlər

Back to top button