
2 oktyabr 2026-cı il tarixində Bakıda Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilmişdir. Qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu yeni siyasi və geosiyasi reallıq şəraitində keçirilməsi baxımından xüsusi əhəmiyyət daşımışdır. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev çıxış edərək ölkənin keçdiyi inkişaf yoluna, YAP-ın dövlətçilik tarixindəki roluna, Azərbaycanın qazandığı tarixi Zəfərlərə və qarşıda duran mühüm vəzifələrə toxunmuşdur. Cənab Prezident İlham Əliyev çıxışında Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyətinin ictimai-siyasi həyatında mühüm yer tutduğunu bildirmişdir. Qeyd edilmişdir ki, YAP Azərbaycanın, eləcə də Cənubi Qafqazın ən böyük siyasi qüvvələrindən biridir. Partiyanın 30 ildən artıq müddətdə siyasi fəaliyyət göstərməsi və ölkənin inkişafında fəal iştirak etməsi onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində mühüm rolunu nümayiş etdirir. Dövlət başçısı YAP-ın yaranmasının Azərbaycan tarixində mühüm siyasi hadisə olduğunu xüsusi vurğulamışdır. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilən təsis qurultayı ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətdə olduğu bir dövrə təsadüf etmişdir. Prezidentin çıxışında YAP-ın yaradılması xalqın siyasi iradəsinin və tələbinin nəticəsi kimi qiymətləndirilmiş, Ulu Öndər Heydər Əliyevin ətrafında Azərbaycanın gələcəyini düşünən insanların birləşməsinin ölkənin sonrakı inkişafına mühüm təsir göstərdiyi qeyd olunmuşdur. Çıxışın mühüm istiqamətlərindən biri Azərbaycanın müstəqillik tarixinin mürəkkəb mərhələlərinin qiymətləndirilməsi olmuşdur. Prezident İlham Əliyev 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər, ərazilərin işğalı, qaçqın və məcburi köçkün probleminin yaratdığı ağır vəziyyət barədə danışmışdır. Həmin dövrdə dövlət idarəçiliyində yaranmış böhranın Azərbaycanın təhlükəsizliyinə və ərazi bütövlüyünə ciddi təhdid yaratdığı diqqətə çatdırılmışdır. Cənab Prezident çıxışında Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışının Azərbaycan dövlətçiliyi üçün dönüş nöqtəsi olduğunu vurğulamışdır. Heydər Əliyevin siyasi iradəsi, dövlətçilik təcrübəsi və qətiyyətli fəaliyyəti nəticəsində ölkədə siyasi sabitliyin bərqərar edildiyi, iqtisadi inkişaf üçün mühüm əsasların yaradıldığı və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atıldığı qeyd edilmişdir. Nitqdə Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Qələbəyə xüsusi diqqət yetirilmişdir. Cənab Prezident İlham Əliyev bu Qələbənin Azərbaycanın tarixində mühüm dönüş yaratdığını və ölkənin uzun illər davam edən işğala son qoyduğunu bildirmişdir. 8 Noyabr – Zəfər Günü Azərbaycanın əbədi bayramlarından biri kimi qeyd olunmuşdur. Bununla yanaşı, 20 sentyabr 2023-cü il tarixinin də xüsusi tarixi əhəmiyyət daşıdığı vurğulanmışdır. Həmin tarixdə Azərbaycanın suverenliyinin tam bərpa edilməsi ölkənin müasir tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilmişdir. Cənab Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi hərbi-siyasi nailiyyətlərin yalnız ölkəmiz üçün deyil, beynəlxalq münasibətlər sistemi baxımından da mühüm əhəmiyyət daşıdığını bildirmişdir. Azərbaycanın öz milli maraqlarını qətiyyətlə müdafiə etməsi və müstəqil siyasət yürütməsi nəticəsində regionda yeni geosiyasi reallıqların formalaşdığı qeyd edilmişdir. Çıxışda Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər də diqqət mərkəzində olmuşdur. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın beynəlxalq təcriddən çıxması, xarici sərmayələrin ölkəyə cəlb edilməsi və Azərbaycanın haqlı mövqeyinin beynəlxalq təşkilatlarda daha geniş şəkildə tanınması istiqamətində mühüm addımlar atıldığı qeyd edilmişdir. Bu siyasətin sonrakı dövrdə də davam etdirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasına şərait yaratmışdır. Cənab Prezident çıxışında müasir dünyada baş verən proseslərə də toxunmuşdur. Dünyanın müxtəlif bölgələrində münaqişələrin və qarşıdurmaların artmasının dövlətlərin təhlükəsizlik məsələlərinə daha ciddi yanaşmasını zəruri etdiyi bildirilmişdir. Bu baxımdan Azərbaycanın öz təhlükəsizliyini və müdafiə qabiliyyətini daim gücləndirməsinin mühüm əhəmiyyət daşıdığı vurğulanmışdır. Nitqdə yalnız fiziki təhlükəsizliyin deyil, ideoloji təhlükəsizliyin də əhəmiyyətli olduğu qeyd edilmişdir. Müasir dövrdə internet, informasiya texnologiyaları, kiberhücumlar və süni intellekt kimi imkanların geniş yayılması fonunda ideoloji təxribatların da yeni formalar aldığı bildirilmişdir. Prezident bu təhlükələrə qarşı mübarizədə təhsilin, savadlılığın və vətənpərvərliyin mühüm rol oynadığını xüsusi vurğulamışdır. Cənab Prezident İlham Əliyev YAP-ın qarşısında duran ideoloji və siyasi vəzifələrə də diqqət çəkmişdir. Bildirilmişdir ki, müasir dövrdə ideoloji iş yeni yanaşmalar əsasında qurulmalı, formal xarakter daşıyan tədbirlərdən uzaqlaşılmalı və Azərbaycan reallıqları cəmiyyətə daha düzgün və müasir üsullarla çatdırılmalıdır. Xüsusilə gənc nəslin milli tarix, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirilməsi mühüm vəzifələrdən biri kimi önə çıxmışdır. Çıxışda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərinin də əhəmiyyəti vurğulanmışdır. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, insanların öz doğma torpaqlarına qayıdışı və həmin ərazilərin ölkənin sosial-iqtisadi həyatına reinteqrasiyası Azərbaycanın qarşısında duran mühüm strateji istiqamətlərdən biri kimi qiymətləndirilə bilər. Ümumilikdə, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı Azərbaycanın son onilliklərdə keçdiyi siyasi, iqtisadi və hərbi-siyasi inkişaf yolunun ümumiləşdirilməsi ilə yanaşı, ölkənin qarşıdakı dövr üçün əsas prioritetlərini də müəyyənləşdirən mühüm nitq olmuşdur. Çıxışda dövlətçilik ənənələrinin qorunması, milli maraqların müdafiəsi, siyasi sabitliyin təmin edilməsi, təhlükəsizliyin gücləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi, işğaldan azad edilmiş ərazilərin bərpası, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və ideoloji təhlükəsizliyin möhkəmləndirilməsi əsas istiqamətlər kimi ön plana çəkilmişdir. YAP-ın VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin edildiyi yeni tarixi mərhələnin siyasi baxımdan qiymətləndirilməsi üçün mühüm platforma olmuşdur. Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunması və gələcək inkişafın təmin edilməsi üçün milli birlik, siyasi sabitlik, güclü dövlətçilik və vətənpərvərlik amillərinin əhəmiyyətini bir daha ortaya qoymuşdur.
Sidiqə Qasımova ,
YAP Yasamal rayon təşkilatının fəal gənci



