
Müstəqil dövlətin davamlılığı üçün siyasi hakimiyyətin legitimliyi ilə yanaşı, həmin hakimiyyətin fəaliyyətini müəyyən edən möhkəm hüquqi əsasların yaradılması da vacibdir. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşısında tamamilə yeni hüquqi-siyasi sistem yaratmaq vəzifəsi dayanırdı. Lakin 1990-cı illərin əvvəllərində ölkədə baş verən siyasi və iqtisadi böhran bu prosesin ardıcıl şəkildə həyata keçirilməsini çətinləşdirirdi. 3 oktyabr 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi dövlət quruculuğunun hüquqi əsaslarının sistemləşdirilməsi baxımından yeni mərhələ yaratdı.
1993-cü ildən sonra dövlət institutlarının fəaliyyətinin hüquqi çərçivəsinin müəyyənləşdirilməsi əsas məsələlərdən birinə çevrildi. Dövlət hakimiyyətinin təşkili, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında münasibətlər, vətəndaş hüquq və azadlıqları kimi fundamental məsələlərin vahid konstitusion sistem daxilində təsbit olunması zəruri idi. Bu istiqamətdə aparılan işlərin mühüm nəticəsi 12 noyabr 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının referendum yolu ilə qəbul edilməsi oldu. Konstitusiya Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə fəaliyyət göstərən komissiya tərəfindən hazırlanmışdı.
Konstitusiyanın qəbul edilməsi sadəcə hüquqi sənədin təsdiqlənməsi deyildi. Bu hadisə müstəqil Azərbaycanın dövlət quruluşunun əsas prinsiplərinin xalqın iradəsi ilə müəyyənləşdirilməsi demək idi. Konstitusiyada xalq hakimiyyəti, dövlət suverenliyi, insan və vətəndaş hüquq və azadlıqları, hakimiyyət bölgüsü və hüquqi dövlət prinsipləri öz əksini tapdı. Beləliklə, 1993-cü ildə başlanmış dövlət quruculuğu prosesinin hüquqi-institusional dayaqları daha sistemli xarakter aldı.
Bu baxımdan 3 oktyabr 1993-cü il ilə 12 noyabr 1995-ci il arasında mühüm siyasi-hüquqi ardıcıllıq müşahidə olunur. Birinci tarix dövlət idarəçiliyində yeni siyasi mərhələnin başlanmasını, ikinci tarix isə həmin mərhələnin fundamental hüquqi çərçivəsinin təsbit olunmasını ifadə edir. Bu iki hadisə birlikdə müstəqil Azərbaycanın dövlətçilik modelinin formalaşmasının mühüm mərhələlərindən birini təşkil edir.
Nəticə etibarilə, 3 oktyabr 1993-cü il Azərbaycan Konstitusiya quruculuğunun siyasi əsaslarının möhkəmləndiyi mühüm tarixlərdən biri kimi qiymətləndirilə bilər. Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ilə dövlət quruculuğunun hüquqi, siyasi və institusional istiqamətləri daha ardıcıl xarakter aldı. 1995-ci il Konstitusiyasının qəbulu isə bu prosesin mühüm hüquqi nəticəsi kimi müstəqil Azərbaycanın dövlət sisteminin əsaslarını müəyyənləşdirdi.
Samir Məmmədov,
YAP Nizami rayon təşkilatının “Yusif Səfərov küçəsi, 10” ərazi partiya təşkilatının sədr müavini


