AnalitikaGündəmSiyasət

Siyasi və iqtisadi sabitlik Azərbaycanın investisiya cəlbediciliyinin əsas amillərindən biridir

Ötən günlərdə paytaxt Bakıda daha bir mötəbər beynəlxalq tədbir – II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib. Forum çərçivəsində dövlətimizin başçısı cənab İlham Əliyevin iştirakı ilə “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunmuş tədbir də baş tutub. Tədbir ölkəmizin keçdiyi inkişaf yolunun, mövcud iqtisadi potensialının və gələcək perspektivlərinin beynəlxalq müstəvidə dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Tədbirdə moderatorluq edən “Global Infrastructure Partners” şirkətinin sədri və baş icraçı direktoru Adebayo Oqunlesi Azərbaycanın son onilliklər ərzində keçdiyi inkişaf yoluna toxunaraq vurğulayıb ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi iyirmi ildən artıq dövr həqiqətən də misilsiz transformasiya mərhələsi olub.

Bəli, bu gün geriyə nəzər saldıqda Azərbaycanın keçdiyi inkişaf yolunun miqyasını və əldə olunan nəticələri aydın görmək mümkündür. Ölkənin ümumi daxili məhsulunun 7 milyard dollardan 76 milyard dollara yüksəlməsi, adambaşına düşən ÜDM-in 900 dollardan 7500 dollara çatması, yoxsulluq səviyyəsinin 45 faizdən 5 faizə enməsi, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin 840 milyon dollardan 75 milyard dollara yüksəlməsi ölkənin iqtisadi potensialında baş verən əhəmiyyətli dəyişiklikləri aydın şəkildə əks etdirir.

Bu rəqəmlər həm də Azərbaycanın mürəkkəb tarixi və geosiyasi şəraitdə həyata keçirdiyi iqtisadi islahatların, dövlət idarəçiliyində müəyyən edilmiş strateji prioritetlərin və uzunmüddətli inkişaf hədəflərinin nəticələrini ifadə edir. Eyni zamanda, əldə olunan nailiyyətlər ölkənin iqtisadi dayanıqlığının möhkəmləndirilməsi, sosial rifahın yüksəldilməsi və gələcək inkişaf üçün zəruri maliyyə imkanlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, ölkədə iqtisadi inkişafın davamlılığını təmin edən əsas şərtlərdən biri mövcud olan siyasi sabitlik və təhlükəsiz mühitdir. Çünki hər hansı dövlətin iqtisadi potensialı nə qədər böyük olsa da, həmin potensialın reallaşdırılması üçün proqnozlaşdırıla bilən siyasi mühit, ardıcıl iqtisadi siyasət, hüquqi təminatlar və etibarlı tərəfdaşlıq münasibətləri mühüm əhəmiyyət daşıyır. İnvestorlar qərar qəbul edərkən yalnız mövcud iqtisadi göstəriciləri deyil, eyni zamanda, sərmayələrinin uzunmüddətli perspektivdə qorunması, layihələrin davamlılığı və biznes fəaliyyətinin sabit şəraitdə həyata keçirilməsi imkanlarını da nəzərə alırlar. Bu baxımdan Azərbaycanın son illərdə formalaşdırdığı siyasi və iqtisadi mühit, regional və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, eləcə də strateji layihələrin ardıcıl şəkildə həyata keçirilməsi ölkənin investisiya cəlbediciliyini müəyyən edən mühüm amillərdəndir.

Siyasi sabitlik iqtisadi planlaşdırma üçün əlverişli şərait yaradır, dövlətin uzunmüddətli inkişaf prioritetlərinin həyata keçirilməsinə və xarici investorlarla qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə imkan verir. Təhlükəsizliyin təmin olunması isə investisiya layihələrinin davamlılığı, istehsal və logistika proseslərinin fasiləsiz təşkili, eləcə də biznes fəaliyyətinin uzunmüddətli perspektivlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu da mühüm yer tutur. Müxtəlif dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları sahəsində təşəbbüslərin irəli sürülməsi Azərbaycanın beynəlxalq iqtisadi münasibətlər sistemində iştirakını genişləndirib. Ölkəmizin Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika marşrutları üzərində yerləşməsi, enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında iştirak etməsi və regional əməkdaşlıq təşəbbüsləri irəli sürməsi onun strateji əhəmiyyətini artıran amillərdəndir.

Prezident İlham Əliyevin beynəlxalq forumlarda, müxtəlif ölkələrin rəhbərləri və aparıcı biznes dairələrinin nümayəndələri ilə görüşlərində investisiya əməkdaşlığına xüsusi diqqət yetirilməsi Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişafına xidmət edir. Bu baxımdan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun dövlət başçısının iştirakı ilə keçirilməsi və dünyanın aparıcı investorlarını, beynəlxalq maliyyə institutlarının nümayəndələrini bir araya gətirməsi ölkənin iqtisadi imkanlarının təqdim olunması, yeni tərəfdaşlıqların qurulması və investisiya layihələrinin müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Belə tədbirlər Azərbaycanın investisiya potensialının beynəlxalq ictimaiyyətə çatdırılması, iqtisadi əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və xarici tərəfdaşlarla qarşılıqlı etimadın gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Arzu Cahangirova,
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının
Pirallahı Rayon Komitəsinin sədri

 

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button