AnalitikaGündəmSiyasət

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ

Tarixin müəyyən mərhələlərində elə qərarlar qəbul olunur ki, onların əhəmiyyəti həmin günün statistik göstəricilərindən daha uzağa gedir. Belə qərarlar iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişaf istiqamətini dəyişməklə yanaşı, ölkənin gələcək istehsal modelinə, regional inkişaf xəritəsinə və beynəlxalq iqtisadi mövqeyinə təsir göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 sentyabr 2026-cı ildə sədrliyi ilə keçirilmiş “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirəni də bu kontekstdə təhlil etmək mümkündür.

Müşavirədə proqramın əsas istiqamətləri təqdim olunub, sektorun mövcud vəziyyəti, potensialı, investisiya imkanları, yataqların istismarı və metallurgiya sənayesinin inkişaf perspektivləri müzakirə edilib. 23 sentyabr 2026-cı ildə isə Dövlət Proqramı Prezidentin Sərəncamı ilə təsdiqlənib. Müşavirədə səsləndirilən fikirlərdən aydın görünür ki, qarşıya qoyulan vəzifə mədənlərin fəaliyyətinin genişləndirilməsi ilə məhdudlaşmır. Əsas məsələ mineral resursların geoloji kəşfiyyatından hasilata, zənginləşdirmədən emala, yarımfabrikatdan hazır sənaye məhsuluna qədər uzanan tam dəyər zəncirinin formalaşdırılmasıdır. Bu yanaşma Azərbaycanın təbii ehtiyatlarını daha yüksək iqtisadi nəticəyə çevirə biləcək sənaye siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Proqramın qarşıya qoyduğu rəqəmlər layihənin miqyasını aydın göstərir. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Bu məqsədlərə nail olmaq üçün 2027–2030-cu illərdə ümumilikdə 5,3 milyard manat investisiya qoyuluşu planlaşdırılır.

İnvestisiyanın 1,1 milyard manatının dövlət büdcəsi, 2,2 milyard manatının dövlət müəssisələrinin vəsaitləri, o cümlədən borc kapitalı, 2 milyard manatının isə özəl vəsaitlər, o cümlədən borc kapitalı hesabına formalaşdırılması nəzərdə tutulur. Beləliklə, proqram üzrə investisiyaların təxminən 80 faizinin qeyri-büdcə mənbələrindən cəlb edilməsi planlaşdırılır. Bu rəqəmlər mühüm bir məqamı göstərir: Dövlət Proqramının iqtisadi nəticəsi dövlət investisiyalarının həcmi ilə deyil, dövlət və özəl kapitalın, texnologiyanın, insan resurslarının və idarəetmə imkanlarının vahid sənaye strategiyası ətrafında birləşdirilməsi ilə müəyyən olunacaq. Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, proqram çərçivəsində beş mindən çox daimi iş yerinin yaradılması gözlənilir. Bu isə layihənin sosial əhəmiyyətinin də kifayət qədər böyük olduğunu göstərir. Azərbaycan üçün dağ-mədən sənayesinin inkişafında ən mühüm məsələlərdən biri xammalın mümkün qədər daha yüksək əlavə dəyər yaradacaq məhsula çevrilməsidir Filizin hasil edilməsi iqtisadi prosesin başlanğıcıdır. Əsl iqtisadi effekt isə həmin filizin zənginləşdirilməsi, metalın ayrılması, emalı, yarımfabrikatların və son məhsulların istehsalı ilə artır. Dövlət Proqramının təqdimatında məhz bu istiqamət xüsusi vurğulanıb: kəşfiyyat və hasilatdan zənginləşdirməyə, emala, yarımfabrikat və hazır məhsul istehsalına keçid əsas prinsiplərdən biri kimi müəyyənləşdirilir. Bu model Azərbaycan sənayesində şaquli inteqrasiyanın genişlənməsi baxımından əhəmiyyətlidir.

Məsələn, dəmir filizinin hasilatı ilə polad istehsalı arasında çoxsaylı texnoloji mərhələlər mövcuddur. Hər mərhələdə əlavə dəyər, yeni ixtisaslar, logistika tələbi, enerji istehlakı, texniki xidmət və yerli təchizat zənciri yaranır. Bu baxımdan “Daşkəsən”, “Filizçay”, “Söyüdlü” və digər layihələrin proqram çərçivəsində nəzərdə tutulması ayrı-ayrı mədən layihələrindən daha geniş sənaye ekosisteminin yaradılması məqsədinə xidmət edir. Proqram üzrə 2030-cu ilədək “Filizçay”, “Daşkəsən”, “Ortakənd” və “Söyüdlü” yataqlarının istismara hazırlanması nəzərdə tutulur. “Filizçay” yatağında mis, sink və qurğuşunun tamhəcmli emalı, “Söyüdlü”də flotasiya üsulu ilə qızılın emalı, “Daşkəsən” layihəsində isə poladtökmə sahəsi üçün ildə 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalı gücünün yaradılması planlaşdırılır.

Bu layihələrin birgə təsiri Azərbaycanın sənaye strukturunda yeni əlaqələr yarada bilər. Mədənçilik metallurgiya ilə, metallurgiya maşınqayırma ilə, maşınqayırma isə tikinti, nəqliyyat, enerji və digər sənaye sahələri ilə əlaqələnir. Beləliklə, bir sahədə yaradılan istehsal gücü digər sahələr üçün də xammal və texnoloji baza formalaşdırır.

Məhz bu səbəbdən Dövlət Proqramını yalnız mədən sənayesinin inkişaf planı kimi qiymətləndirmək düzgün olmaz. Sənədin iqtisadi məntiqində daha geniş sənaye zəncirinin formalaşdırılması ideyası dayanır.

Metallurgiya istiqamətində diqqət çəkən məsələlərdən biri də alüminium istehsalının genişləndirilməsidir. Prezident İlham Əliyev müşavirədə alüminium istehsalının 2030-cu ilin sonunadək 100 min tona çatdırılması məqsədini açıqlayıb. Dövlət Proqramının təqdimatında isə “Zəylik” alunit yataqlarının alüminium dəyər zəncirinin xammal bazasının formalaşdırılmasında istifadəsi və illik təxminən 200 min ton gücündə yeni ilkin alüminium müəssisəsinin yaradılması imkanlarının araşdırıldığı bildirilib. Bu istiqamətin inkişafı metallurgiyanın digər sənaye sahələri ilə əlaqəsini də gücləndirə bilər. Alüminium nəqliyyat, tikinti, energetika, maşınqayırma və digər texnoloji sahələr üçün mühüm materialdır. Buna görə istehsalın artması ilə paralel olaraq daha yüksək emal səviyyələrinə keçid məsələsi də gündəmdə saxlanmalıdır. Qlobal mineral bazarında son illərin əsas tendensiyalarından biri xammal təhlükəsizliyi ilə yanaşı, emal və texnoloji dəyər zəncirlərinin idarə edilməsidir. Beynəlxalq Enerji Agentliyinin 2025-ci il hesabatına əsasən, kritik minerallara tələbat enerji texnologiyalarının inkişafı ilə sürətlə artır və bir çox mineral üzrə hasilat və emalın coğrafi konsentrasiyası yüksək olaraq qalır.

Agentlik təchizat zəncirlərinin şaxələndirilməsini, emal imkanlarının genişləndirilməsini və təkrar emalın gücləndirilməsini uzunmüddətli dayanıqlılıq baxımından mühüm istiqamətlər kimi göstərir. Dünya Bankının yanaşmasında da mineral resurslardan iqtisadi faydanın artırılması mədən hasilatı ilə bitmir. Yerli emal və istehsal, infrastruktur, ixtisaslı kadr hazırlığı, özəl investisiyanın cəlbi, regional dəyər zəncirlərinin qurulması və ətraf mühit standartlarının tətbiqi mineral sərvətin uzunmüddətli iqtisadi inkişafa çevrilməsinin əsas elementləri hesab olunur. 2026-cı ildə Dünya Bankı Qrupu və digər çoxtərəfli inkişaf banklarının qəbul etdiyi birgə çərçivədə də “çıxarışdan kənara çıxaraq” emal və istehsala keçid, yerli əlavə dəyərin artırılması, infrastrukturun inkişafı, özəl kapitalın səfərbər edilməsi və ekoloji-sosial standartların qorunması əsas istiqamətlər kimi göstərilib. Bu qlobal yanaşma Azərbaycan Dövlət Proqramının dəyər zəncirinin ölkə daxilində genişləndirilməsi məqsədi ilə məzmun baxımından uzlaşan mühüm paralellər ortaya qoyur. Dağ-mədən sənayesinin genişləndirilməsi iqtisadi imkanlarla yanaşı, ciddi ekoloji məsuliyyət də yaradır. Mədənlərin fəaliyyəti torpaq örtüyünə, su ehtiyatlarına, landşaftlara və biomüxtəlifliyə təsir göstərə bilər. Buna görə sənayenin inkişafı ilə ətraf mühitin qorunması arasında düzgün tarazlıq qurulmalıdır. Torpaqşünaslıq baxımından burada xüsusilə mühüm məsələ mədən ərazilərinin pozulmuş torpaq örtüyünün bərpasıdır. Üst münbit qatın qorunması, süxur və tullantıların düzgün idarə olunması, turşu mədən drenajının qarşısının alınması, ağır metalların torpaq və su sistemlərinə yayılmasının monitorinqi, rekultivasiya və sonrakı torpaq istifadəsinin əvvəlcədən planlaşdırılması mədən layihələrinin ayrılmaz hissəsi olmalıdır. Müasir beynəlxalq yanaşma mədən layihəsinə yalnız hasilat dövrü kimi baxmır. Mədən ərazisinin fəaliyyətə başlamasından bağlanmasına və sonrakı rekultivasiyasına qədər bütün həyat dövrü nəzərə alınır. Dünya Bankı da məsuliyyətli mineral inkişaf çərçivəsində mədənlərin bağlanması, ərazilərin bərpası, ekoloji və sosial standartların layihənin bütün mərhələlərində qorunmasını xüsusi əhəmiyyətli hesab edir. Bu yanaşma Azərbaycan üçün də əhəmiyyətlidir. Çünki Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi nəzərdə tutulur və həmin ərazilərdə iqtisadi fəaliyyətin bərpası ekoloji həssaslıqla müşayiət olunmalıdır. Dövlət Proqramının sənaye məqsədləri ilə yanaşı, torpaq və su ehtiyatlarının qorunması meyarları ilə uzlaşdırılması uzunmüddətli nəticələrin keyfiyyətinə birbaşa təsir göstərəcək.

Metallurgiya yüksək enerji və su tutumlu sahələr sırasındadır. Buna görə dağ-mədən sənayesinin inkişafını enerji, su təsərrüfatı və nəqliyyat siyasətindən ayrı təsəvvür etmək mümkün deyil. Azərbaycanın enerji potensialının genişlənməsi metallurgiya layihələri üçün mühüm baza yaradır. Lakin gələcəkdə sənaye müəssisələrinin rəqabət qabiliyyəti enerji resurslarının mövcudluğu ilə yanaşı, enerji səmərəliliyi, suyun təkrar istifadəsi və istehsal tullantılarının azaldılması ilə də ölçüləcək. Beynəlxalq Enerji Agentliyi yeni texnologiyaların enerji səmərəliliyinin yüksəldilməsi, su istehlakının və tullantıların azaldılması, emissiyaların aşağı salınması baxımından mühüm imkanlar yaratdığını qeyd edir. Bu baxımdan Azərbaycan üçün müasir metallurgiya müəssisələrinin yaradılması ilə paralel olaraq istehsal proseslərində resurs səmərəliliyi göstəricilərinin tətbiqi xüsusi əhəmiyyət daşıya bilər. Yeni mədən və metallurgiya müəssisələrinin yaradılması mühəndis, geoloq, metallurq, texnoloq, ekoloq, hidrogeoloq, torpaqşünas, geoinformasiya və avtomatlaşdırma üzrə mütəxəssislərə tələbatı artıracaq. Müasir mədən sənayesində geoloji məlumatların rəqəmsallaşdırılması, məsafədən zondlama, süni intellekt əsasında yataqların proqnozlaşdırılması, avtomatlaşdırılmış hasilat və proseslərin rəqəmsal monitorinqi getdikcə daha geniş tətbiq olunur. IEA da süni intellekt və yeni geoloji texnologiyaların perspektivli yataqların müəyyənləşdirilməsini sürətləndirə, kəşfiyyat xərclərini və ətraf mühitə düşən yükü azalda biləcəyini vurğulayır. Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri də Dövlət Proqramının icrasını ali məktəblər, elmi-tədqiqat institutları və sənaye müəssisələri arasında daha sıx əməkdaşlıq platformasına çevirməkdir. Burada elmin rolu hasilat texnologiyasının seçilməsi ilə bitmir. Torpaq və su monitorinqi, filizlərin geokimyəvi xüsusiyyətləri, tullantıların idarə olunması, rekultivasiya texnologiyaları, metallurgiya proseslərinin enerji səmərəliliyi və yeni materialların hazırlanması kimi istiqamətlərdə elmi tədqiqatların nəticələri istehsalata inteqrasiya edilməlidir. Dövlət Proqramının başqa mühüm xüsusiyyəti onun regional inkişafla birbaşa əlaqəsidir. Mədən və metallurgiya müəssisələrinin regionlarda yerləşməsi məşğulluq, yol və logistika infrastrukturunun inkişafı, xidmət sektorunun genişlənməsi, yerli sahibkarlığın canlanması və yeni peşə istiqamətlərinin yaranmasına şərait yarada bilər. Lakin regional iqtisadi effektin davamlı olması üçün mədən müəssisəsinin fəaliyyət göstərdiyi ərazi ilə yerli iqtisadiyyat arasında daha geniş əlaqələr qurulmalıdır. Yerli podratçıların, xidmət şirkətlərinin, təchizatçıların və peşə hazırlığı mərkəzlərinin bu zəncirə cəlb edilməsi vacibdir. Dünya Bankının müasir mineral siyasətinə dair yanaşması da mədən layihələrini regional iqtisadi dəhlizlər, infrastruktur, yerli biznes, məşğulluq və insan kapitalı ilə əlaqələndirməyin əhəmiyyətini vurğulayır. Dövlət Proqramının əsas ağırlıq mərkəzi ilkin mineral resursların işlənməsinə yönəlsə də, gələcək sənaye siyasətində təkrar emal və dövri iqtisadiyyat məsələləri də mühüm yer tutmalıdır. IEA-nın hesablamalarına görə, mineral resursların təkrar emalının genişləndirilməsi 2040-cı ilədək yeni mədən fəaliyyətinə olan tələbi müəyyən ssenarilərdə 5–30 faiz azalda bilər.

Agentlik təkrar emalın həm resurs təhlükəsizliyinə, həm də ekoloji göstəricilərə töhfə verdiyini bildirir. Bu, Azərbaycan üçün uzunmüddətli perspektivdə yeni sənaye istiqamətləri deməkdir: metal tullantılarının toplanması, çeşidlənməsi, emalı, ikinci xammaldan metal istehsalı və sənaye tullantılarından faydalı komponentlərin əldə edilməsi. Beləliklə, mədən sənayesinin gələcəyi yalnız yerin altındakı ehtiyatların həcmi ilə deyil, mövcud resurslardan nə qədər səmərəli istifadə etməyimizlə də müəyyənləşəcək. Dövlət Proqramının 23 sentyabr 2026-cı ildə təsdiq edilməsi ilə onun icrası üçün institusional çərçivə də müəyyənləşdirilib. Sərəncama əsasən, Nazirlər Kabineti tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirəcək, proqramın icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumat təqdim ediləcək. Monitorinq və qiymətləndirmə isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək. Maliyyə və İqtisadiyyat nazirliklərinə də proqram tədbirlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsi və dövlət investisiya proqramlarının hazırlanması zamanı zəruri vəsaitlərin nəzərdə tutulması ilə bağlı tapşırıqlar verilib.

Bu mexanizmlərin praktiki əhəmiyyəti ondan ibarətdir ki, Dövlət Proqramının nəticələri ölçülə bilən göstəricilər əsasında qiymətləndirilə bilər. Burada istehsal və ixrac rəqəmləri ilə yanaşı, yaradılan iş yerlərinin sayı, yerli əlavə dəyərin payı, texnologiya transferi, enerji və su səmərəliliyi, ekoloji göstəricilər və rekultivasiya nəticələri də nəzərə alınmalıdır. 2027–2030-cu illər proqramın həyata keçirilməsi üçün qısa zaman kəsiyidir. 5,3 milyard manatlıq investisiya planının reallaşdırılması, yeni yataqların istismara hazırlanması, emal müəssisələrinin qurulması, logistika və enerji infrastrukturunun uyğunlaşdırılması, kadrların hazırlanması və ekoloji standartların təmin edilməsi paralel proseslər tələb edir. Burada əsas məsələ rəqəmlərin elan edilməsindən daha çox, onların konkret istehsal nəticələrinə çevrilməsidir. Əgər filiz hasilatı ilə yanaşı emal gücləri, metallurgiya müəssisələri, yerli təchizat zəncirləri, ixtisaslı kadr bazası və elmi-texnoloji imkanlar paralel inkişaf etdirilərsə, Azərbaycanın mineral resurs potensialı iqtisadiyyatın daha geniş sahələrinə təsir göstərə bilər. Bu baxımdan Dövlət Proqramının strateji mahiyyəti xammal ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsindən daha geniş məna daşıyır.

Söhbət mineral sərvətin sənaye kapitalına, sənaye kapitalının isə davamlı iqtisadi dəyərə çevrilməsindən gedir. Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin 2027–2030-cu illərdə inkişafına dair Dövlət Proqramı ölkənin qeyri-neft sənayesinin şaxələndirilməsi baxımından genişmiqyaslı yol xəritəsi ortaya qoyur. 5,3 milyard manatlıq investisiya, 2030-cu ilədək sektorun ÜDM-ə töhfəsinin 1,8 milyard manata, illik ixrac potensialının 3,4 milyard manata çatdırılması hədəfi, beş mindən artıq daimi iş yerinin yaradılması və əsas yataqlar üzrə yeni istehsal güclərinin formalaşdırılması proqramın iqtisadi miqyasını göstərir. Lakin bu proqramın uzunmüddətli nəticəsini müəyyən edən əsas göstərici hasil olunan filizin və ya istehsal edilən metalın miqdarı olmayacaq. Əsas göstərici həmin resursların ölkə daxilində nə qədər əlavə dəyərə çevrilməsi, nə qədər yeni texnologiya və bilik yaratması, regionlarda hansı iqtisadi imkanları formalaşdırması və təbii sərvətlərin gələcək nəsillər üçün hansı məsuliyyətlə idarə edilməsidir. Müasir dünya təcrübəsi də göstərir ki, mineral sərvətlə zəngin olmaq iqtisadi uğurun avtomatik təminatı deyil. Davamlı nəticə üçün güclü institutlar, şəffaf idarəetmə, emal və istehsal imkanları, ixtisaslı insan kapitalı, özəl investisiya, innovasiya, ekoloji təhlükəsizlik və yerli iqtisadiyyatla inteqrasiya lazımdır.

Azərbaycanın qarşısında duran əsas vəzifə də məhz bu komponentləri vahid sənaye siyasəti çərçivəsində birləşdirməkdir. Bu baxımdan 2027–2030-cu illər Azərbaycan üçün mineral resursların hasilatında yeni mərhələdən daha çox, filizdən məhsula, xammaldan texnologiyaya, mədəndən sənaye ekosisteminə keçid mərhələsi kimi xarakterizə oluna bilər. Dövlət Proqramının uğuru isə bu keçidin nə qədər ardıcıl, səmərəli, elmi əsaslı və ekoloji məsuliyyətlə həyata keçirilməsindən asılı olacaq.

Fərid Mustafayev ,
YAP Yasamal Rayon Təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button