AnalitikaDünyaGündəmSiyasət

Azərbaycanın Mədəni Diplomatiyası: Prezident İlham Əliyevin Birlik Çağırışı

Müasir dünyada qlobal dialoq və multikulturalizm mərkəzinə çevrilmiş Azərbaycan, beynəlxalq həmrəyliyə xidmət edən mühüm təşəbbüslərin müəllifidir. Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən növbəti tarixi qəbul ölkəmizin bu istiqamətdəki sarsılmaz mövqeyini bir daha nümayiş etdirdi. Dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarının və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərək, İslam və Türk dünyasının mənəvi rəhbərlərini vahid bir platformada bir araya gətirdi. Türkiyə, Özbəkistan, Qazaxıstan kimi qardaş dövlətlərin və Şimali Qafqaz respublikalarının ali dini liderlərinin iştirak etdiyi bu mötəbər görüş, Prezident İlham Əliyevin qlobal sülh və ümmət birliyi naminə həyata keçirdiyi uzaqgörən siyasətin ən bariz təcəssümlərindən biri oldu.

Görüş zamanı dövlət başçısı Azərbaycanın zəngin intellektual və mənəvi irsinə xüsusi diqqət çəkərək, xalqımızın bəşəriyyətə bəxş etdiyi dahi mütəfəkkirlərdən böyük qürurla bəhs etdi. Prezident İlham Əliyev TDT-nin dini rəhbərlərinin toplantısı ilə eyni günlərdə Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsinin sadəcə bir təsadüf deyil, rəmzi məna daşıdığını toxundu. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi dahilərin irsinin təkcə ölkəmiz üçün deyil, bütün İslam dünyası üçün ortaq mənəvi xəzinə olduğunu vurğulayan dövlət başçısı, həmçinin Qafqaz Albaniyasının qədim paytaxtı Qəbələnin və Atabəylər dövlətinin mərkəzi Naxçıvan şəhərlərinin tarixi rolunu xatırlatdı. O bildirdi ki, TDT daxilində yeganə Qafqaz ölkəsi olan Azərbaycan, əsrlər boyu Türk dünyası ilə Qafqaz coğrafiyasını bir-birinə bağlayan mənəvi körpü olmuşdur və Prezident İlham Əliyevin liderliyi altında bu gün də bu missiyanı şərəflə davam etdirir.

İslam aləmində baş verən siyasi çağırışlara və bəzi kənar müdaxilələrə münasibət bildirən Prezident İlham Əliyev müsəlman ümmətinin sarsılmaz həmrəyliyinin həyati əhəmiyyət kəsb etdiyini bəyan etdi. Dövlət başçısı dini liderlərin sülhə, əməkdaşlığa və barışığa xidmət edən çağırışlarının bölgədə əmin-amanlıq yaratmaq üçün çox mühüm amil olduğunu vurğuladı. Azərbaycanın beynəlxalq təşkilatlar daxilində hər zaman birləşdirici mövqedən çıxış etdiyini deyən Prezident, 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəylik Oyunlarının bir idman yarışından ziyadə, böyük qardaşlıq bayramı olduğunu xatırlatdı. O, gələn il ölkəmizdə keçiriləcək İƏT Zirvə Görüşünün müsəlman ölkələri arasındakı bəzi anlaşılmazlıqlara son qoyacağına və İslam dininə qarşı aparılan məkrli kampaniyaların qarşısını almaq üçün müsəlman aləmini vahid bir ailə kimi birləşdirəcəyinə dair möhkəm inamını ifadə etdi.

Prezident İlham Əliyev qonaqların Qarabağa – Ağdam, Xankəndi, Xocalı və Şuşaya edəcəyi səfərin tarixi reallıqları görmək baxımından əhəmiyyətini xüsusi önə çəkdi. O, Ermənistanın 30 illik işğalı dövründə 65 məscidi yerlə-yeksan etməsini və müqəddəs inanc yerlərində heyvan saxlamasını bütün İslam dünyasına qarşı yönəlmiş misilsiz vəhşilik və həqarət adlandırdı. Lakin qürurla qeyd etdi ki, güc amilinin həlledici olduğu müasir dünyada Azərbaycan xalqı məhz Müzəffər Ordumuzun gücü ilə, qan bahasına bu ədalətsizliyə son qoydu. Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində 90 mindən çox vətəndaşın azad edilmiş torpaqlara qayıdaraq orada yeni həyat qurması, Prezident İlham Əliyevin həm qurucu lider, həm də ədalətin bərpaçısı kimi sarsılmaz iradəsini və Azərbaycanın mütləq qələbəsini bütün dünyaya sübut edir.

Zakir Şahverdi,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button