AnalitikaGündəmSiyasət

20 Sentyabr və Azərbaycanın gələcək nəsilləri

20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması tarixi hadisənin gələcək nəsillərin yaddaşında yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamında 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa edildiyi nəzərə alınaraq bu günün hər il qeyd olunması müəyyən edilib.

Tarixi günlərin əhəmiyyəti onların yalnız xatırlanması ilə məhdudlaşmır. Əsas məsələ həmin hadisələrin dövlətçilik şüurunda hansı mənanı daşımasıdır. 20 Sentyabr yeni nəsil üçün suverenliyin yalnız siyasi anlayış olmadığını, dövlətin öz ərazisində qanunun aliliyini təmin etməsi, təhlükəsizliyi qoruması və vətəndaşlarının gələcəyini qurması ilə bağlı geniş məna daşıdığını göstərən tarixdir.

Qarabağda həyata keçirilən quruculuq işləri bu tarixi yaddaşı gündəlik həyatla birləşdirir. Xankəndi və digər şəhərlərdə yaradılan infrastruktur, Xocalıya qayıdış, Xocavənddə yaşayış məntəqələrinin bərpası və yeni nəqliyyat layihələri gələcək nəsillərin Qarabağı yalnız keçmişin xatirəsi kimi deyil, yaşayan və inkişaf edən məkan kimi görməsinə imkan verir. Xocalıya qayıdışın 2024-cü ildən başlaması da bu prosesin konkret sosial nəticələrindən biridir.

Gələcək nəsillərə ötürülən ən mühüm mesajlardan biri budur ki, dövlətçilik yalnız tarixdə qazanılan nəticə deyil, hər nəsilin qoruduğu və inkişaf etdirdiyi dəyərdir. 20 Sentyabr bu baxımdan həm keçmişi xatırladan, həm də gələcəyə məsuliyyət yaradan gündür. Qarabağda qurulan yeni həyat həmin məsuliyyətin ən görünən ifadələrindən biridir.

Şahzadə Abdurəhmanova,
YAP Nizami rayon təşkilatının gənc fəalı

Oxşar Xəbərlər

Back to top button