
Böyük Qayıdış haqqında danışarkən ilk növbədə insanların öz doğma torpaqlarına qayıtması nəzərdə tutulur. Lakin bu prosesin sosial mahiyyəti daha genişdir. İnsanların illərlə ayrı düşdüyü yaşayış məntəqələrində ailə münasibətlərinin, icma həyatının, təhsil və sosial əlaqələrin yenidən formalaşması da qayıdışın mühüm hissəsidir. Buna görə Qarabağa qayıdış həm də sosial həyatın yenidən qurulması prosesidir.
Qayıdan ailələrin normal həyatını təmin etmək üçün yaşayış evləri ilə yanaşı, məktəblərin, tibb müəssisələrinin, xidmət obyektlərinin və ictimai məkanların yaradılması vacibdir. İnsan öz evinə qayıtdıqda onun uşağının harada təhsil alacağı, tibbi xidmətə necə çatacağı, gündəlik ehtiyaclarını necə qarşılayacağı və işləmək imkanının olub-olmayacağı da təmin edilməlidir. Qarabağda aparılan quruculuq layihələrinin kompleks xarakteri bu zərurətdən irəli gəlir.
Xocalıda qayıdış prosesinin başlaması Böyük Qayıdışın sosial məzmununu aydın göstərir. Burada artıq təkcə yeni evlərin tikilməsindən deyil, insanların gündəlik həyatının təşkilindən söhbət gedir. Qayıdan ailələrin yerləşməsi ilə paralel olaraq məktəb, sosial və kommunal infrastrukturun yaradılması şəhərin yenidən canlı sosial mühitə çevrilməsinə şərait yaradır.
Böyük Qayıdışın uzunmüddətli uğuru insanların doğma torpaqlarında özlərini rahat və təhlükəsiz hiss etməsi ilə sıx bağlıdır. Bu isə yalnız tikinti ilə deyil, sosial imkanların genişləndirilməsi ilə mümkündür. Qarabağa qayıdışın ən böyük nəticəsi boş qalan evlərin dolması deyil, boş qalan küçələrin yenidən insan səsləri ilə canlanmasıdır.
Vüqar Quliyev,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 113” ərazi partiya təşkilatının sədr müavini



