
Dövlət suverenliyi konseptual olaraq sadəcə inzibati-ərazi nəzarəti ilə məhdudlaşmır; o, eyni zamanda dərin fəlsəfi və milli ideoloji bir bütövlük tələb edir. 2023-cü ildə həyata keçirilən tədbirlər Azərbaycanın milli dövlətçilik fəlsəfəsində suverenliyin bölünməzliyi prinsipini əbədi olaraq rəsmiləşdirdi. Bu, cəmiyyətdə dövlətə, qanuna və milli kimliyə olan baxış bucağının tamamilə yenilənməsi, tarixi komplekslərdən arınması deməkdir.
Azərbaycanın müasir dövlətçilik tarixində bu mütləq suverenlik fəlsəfəsinin yaradıcısı Prezident İlham Əliyevdir. O, “Bütöv Azərbaycan” konsepsiyasını sadəcə siyasi şüar kimi deyil, real dövlət siyasəti kimi tətbiq edərək, vətəndaşların təfəkküründə qəti bir qalibiyyət inamı formalaşdırdı. Prezident İlham Əliyev göstərdi ki, natamam suverenliklə yaşamaq müstəqil dövlət üçün qəbuledilməzdir və bu natamamlıq nəyin bahasına olursa-olsun aradan qaldırılmalıdır.
Qarabağ və Şərqi Zəngəzurda dövlət orqanlarının, milli atributlarımızın tam bərpası bu fəlsəfənin vizual və praktiki inikasıdır. Xankəndinin mərkəzində dalğalanan bayraq sıradan bir simvol deyil, xalqın öz dövlətçiliyinə sahib çıxmaq iradəsinin və tarixi yaddaşının bərpasıdır. Suverenliyin tamlığı hər bir vətəndaşın özünü dövlətin bərabərhüquqlu və ləyaqətli bir parçası hiss etməsi üçün mütləq şərtdir.
20 Sentyabr Dövlət Suverenliyi Günü məhz bu ali dövlətçilik fəlsəfəsinin təntənəsi kimi qeyd olunur. Bu gün xalqımıza xatırladır ki, Prezident İlham Əliyev tərəfindən əbədiləşdirilən mütləq suverenlik fəlsəfəsi ölkəmizin mövcudluğunun, mənəvi gücünün və gələcək inkişafının ən sarsılmaz təməl daşıdır.
Gülanə Əliyeva,
YAP Nizami rayon təşkilatının “Cəmşid Naxçıvanski küçəsi, 312” ərazi partiya təşkilatının sədri



