AnalitikaGündəmSiyasət

İkili Standartların İflası Və Suverenlik

Müasir beynəlxalq münasibətlər sistemində 20 sentyabr 2023-cü il tarixi qlobal miqyasda tətbiq olunan ikili standartların mütləq iflası kimi xarakterizə olunmalıdır. Otuz il ərzində BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin kağız üzərində qalması beynəlxalq hüququn iflic vəziyyətində olduğunu göstərirdi. Lakin dövlətimiz beynəlxalq institutların funksiyasını öz üzərinə götürərək bu ədalətsizliyə son qoydu. Bu prosesin baş memarı olan Prezident İlham Əliyev sübut etdi ki, milli iradə qlobal riyakarlığa qalib gəlmək iqtidarındadır.

Məlum antiterror tədbirləri ərəfəsində və ondan sonra bəzi Qərb institutlarının, o cümlədən ermənipərəst mərkəzlərin ölkəmizə qarşı başlatdığı diplomatik təzyiq kampaniyaları heç bir nəticə vermədi. Prezident İlham Əliyev bu təzyiqləri soyuqqanlılıqla və uzaqgörən diplomatik gedişlərlə neytrallaşdıraraq, Azərbaycanın daxili işinə kənar müdaxilə cəhdlərini kökündən kəsdi. Əməliyyatın hüquqi və siyasi legitimliyi heç bir xarici qüvvə tərəfindən şübhə altına alına bilmədi.

Azərbaycanın öz ərazisindəki terror ocaqlarını təmizləməsi qlobal siyasətdə suveren hüquqların praktiki bərpası üçün yeni bir presedent yaratdı. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən bu siyasi xətt ikili standartlardan əziyyət çəkən bir çox dövlətlər üçün bir cəsarət və dövlətçilik nümunəsinə çevrildi. Qlobal sanksiya təhdidləri və qarayaxma kampaniyaları Azərbaycanın güclü dövlət mexanizmi qarşısında aciz qaldı.

20 Sentyabr Dövlət Suverenliyi Günü xalqımızın qlobal riyakarlığa, ikili standartlara qarşı apardığı mübarizənin şanlı qələbəsidir. Bu əlamətdar tarix, Prezident İlham Əliyev rəhbərliyi ilə həyata keçirilən prinsipial siyasətin dövlətimizi beynəlxalq hüququn tamhüquqlu və diktəedici subyektinə çevirdiyini qürurla təsdiq edir.

Zeynəb Hacıyeva, 

YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button