AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Sülhə kölgə salmaq cəhdi: Azərbaycandakı Diplomatik Korpusun Qarabağ və Şərqi Zəngəzur səfəri və Erməni revanşistlərin reaksiyası

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyi, eləcə də regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində mühüm addımların atıldığı bir dövrdə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərləri mühüm siyasi-diplomatik hadisə kimi diqqət çəkir. 58 ölkənin və 9 beynəlxalq təşkilatın 150-yə yaxın nümayəndəsinin – səfirlərin, diplomatların və beynəlxalq təşkilat rəhbərlərinin iştirak etdiyi bu cür səfərlər beynəlxalq ictimaiyyətə ədalətli reallıqları çatdırmaqla yanaşı, Ermənistandakı revanşist qüvvələrin və radikal dairələrin ciddi narahatlığına və qıcıqlanmasına səbəb olur.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə həyata keçirilən səfər çərçivəsində diplomatlar Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcər rayonlarında olublar. Səfər iştirakçılarına bölgədə aparılan nəhəng infrastruktur layihələri, yenidən qurulan yaşayış məntəqələri, Qarabağ Universitetinin fəaliyyəti, eləcə də tarixi və dini abidələrin bərpası barədə ətraflı məlumat verilib. Xüsusilə Ağdərə rayonundakı Gəncəsər və Kəlbəcər rayonundakı Xudavəng monastırlarına baş çəkən nümayəndə heyətinə bu abidələrin Qafqaz Albaniyasının qədim xristian irsinə məxsus olduğu faktlarla izah edilib. İşğal illərində bu abidələrin memarlıq xüsusiyyətlərinin dəyişdirildiyi və saxtalaşdırma cəhdlərinin edildiyi diplomatların diqqətinə çatdırılıb. Xarici diplomatların regiondakı reallıqları öz gözləri ilə görməsi Ermənistandakı birtərəfli təbliğat mexanizmini tamamilə sıradan çıxardı.

Diplomatik korpusun səfəri Ermənistanda əsl siyasi qarmaqarışıqlıq və isteriya yaradıb. Erməni mediası, parlamentdəki radikal qruplar, keçmiş separatçı ünsürlər və diaspor təşkilatları səfərdə iştirak edən xarici ölkələrin səfirlərini və nümayəndələrini hədəfə alıblar. Erməni KİV-ləri və ekspertləri diplomatların Qarabağa səfər etməsini “qəbuledilməz” adlandıraraq, beynəlxalq nümayəndələrin Azərbaycanın suverenliyini tanıyan addımlarını həzm edə bilmədiklərini açıq şəkildə nümayiş etdiriblər. Səfərin müzakirə olunan əsas mövzularından biri Gəncəsər monastırında qədim dini kitab adı altında nümayiş etdirilən eksponatla bağlı erməni mediasının yaydığı ucuz manipulyasiyalar oldu. Azərbaycan rəsmisinin həmin nüsxənin səhifələrini açaraq boş olduğunu (surət və ya sərgiyə hazırlanan reproduksiya olduğunu) göstərməsi erməni tarixçi və təbliğatçılarını çıxılmaz vəziyyətdə qoydu. Onlar öz səhvlərini ört-basdır etmək üçün müxtəlif bəhanələr uydursalar da, bu, erməni təbliğatının illərdir qurduğu saxta miflərin ifşası ilə nəticələndi. Ermənistandakı revanşist dairələr bu cür səfərləri sülh prosesinə kölgə salmaq üçün fürsət kimi qiymətləndirir, həmçinin beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsinə qarşı qıcıq nümayiş etdirirlər. Ermənistanın bu destruktiv reaksiyasına qarşı Azərbaycanda dövlət qurumları, eləcə də vətəndaş cəmiyyəti institutları kəskin qınaq bəyanatları ilə çıxış ediblər. Qərbi Azərbaycan İcmasının bəyanatında Ermənistanın diplomatik korpusun səfərinə qarşı sərgilədiyi sərt və qərəzli reaksiyanı qətiyyətlə pislənilib. Bəyanatda qeyd olunub ki, Azərbaycanla Ermənistanın sülhə doğru irəlilədiyi bir vaxtda bu cür addımlar qarşılıqlı etimadı zədələyir, revanşist qüvvələrin dəyirmanına su tökür və Ermənistanın sülh prosesində səmimi olmadığını göstərir. İcma Ermənistan cəmiyyətini əsassız ərazi iddialarından əl çəkməyə çağırıb. Həmçinin “Sülh Körpüsü” Təşəbbüs Qrupunun Azərbaycandan olan vətəndaş cəmiyyəti nümayəndələri də erməni mediasının qəbuledilməz və düşmənçilik əhval-ruhiyyəli ritorikasına dərin təəssüf hissini ifadə ediblər. Bildirilib ki, diplomatların suveren ərazilərə səfəri heç vaxt mübahisə mövzusuna çevrilməməlidir və səfər iştirakçılarına qarşı yönələn şifahi hücumlar Ermənistanın imzaladığı sənədlərə və bəyanatlara ziddir.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri bölgədəki reallıqların, həyata keçirilən nəhəng bərpa işlərinin və mədəni irsin qorunması istiqamətində görülən tədbirlərin beynəlxalq səviyyədə bir daha əyani şəkildə qəbul edilməsi deməkdir. Erməni revanşist qüvvələrinin bu səfərə qarşı sərgilədiyi isterik və qərəzli reaksiya isə onların hələ də regionda sülhün və əməkdaşlığın bərqərar olmasını istəmədiyini, keçmişin xülyaları ilə yaşadıqlarını açıq şəkildə sübut edir. Lakin bu cür destruktiv cəhdlər Azərbaycanın suveren hüquqlarına və bölgədəki qətiyyətli sülh gündəliyinə heç bir təsir göstərə bilməz.

Heydər Rəhimov,
Nizami Bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı

Oxşar Xəbərlər

Back to top button