AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

26 avqust – Laçın Şəhəri Günü: Zəfərdən dirçəlişə 

Hər il avqustun 26-sı Azərbaycan tarixinin ən qürurlu, möhtəşəm və yaddaqalan səhifələrindən biri – Laçın Şəhəri Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən təsis edilən bu əlamətdar tarix Azərbaycanın qətiyyətli siyasi iradəsinin, müzəffər ordusunun gücünün və doğma yurdlarına qayıdan laçınlıların çoxillik həsrətinin sonunun rəmzidir.

Azərbaycanın cənub-qərbində, füsunkar dağlıq ərazidə yerləşən Laçın rayonu şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı, qərbdən isə Ermənistanla həmsərhəddir.

Əvvəllər Abdallar adlanan yaşayış məskəni 1923-cü ildən şəhər statusu alaraq Laçın adlandırılmış, 1930-cu ildə isə rayonun inzibati mərkəzinə çevrilmişdir. “Laçın” sözü məğrurluq, igidlik rəmzi olan ov quşunun adından götürülmüşdür.

1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Laçın Azərbaycan üçün böyük strateji və mənəvi fəlakət idi. Şuşa ilə yanaşı Laçının da itirilməsi rayon əhalisinin etnik təmizləməyə məruz qalmasına, bölgənin isə təbii sərvətlərinin talanmasına səbəb oldu. İşğal illərində erməni lobbisi tərəfindən qeyri-qanuni məskunlaşdırma siyasəti aparılaraq coğrafi adlar dəyişdirilmişdi.

44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. Lakin Laçın şəhəri, eləcə də Zabux və Sus kəndləri həmin dövrdə keçmiş dəhlizin nəzarətində qalmışdı.

Azərbaycan qısa müddət ərzində alternativ Laçın yolunu inşa etdi və 2022-ci il avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu, üç rəngli dövlət bayrağımız burada ucaldıldı. Məhz bu tarixi gün Azərbaycan xalqının yaddaşına əbədi olaraq Laçın Şəhəri Günü kimi həkk olundu.

Bu gün Laçın sadəcə azad olunmuş ərazi deyil, həm də sürətlə inkişaf edən, müasir standartlara uyğun yenidən qurulan Böyük Qayıdışın simvoludur.

Azadlıqdan dərhal sonra dövlət başçısının xüsusi diqqəti ilə Laçın şəhəri başqadan inşa edildi. Şəhərin əzəmətli siması qorunmaqla yanaşı, müasir infrastruktur, yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və mədəniyyət ocaqları yaradıldı.

Həyatlarının yeni mərhələsinə qədəm qoyan laçınlılar doğma ocaqlarına qayıdaraq orada qurub-yaradır, qurur və sevinc dolu günlər yaşayırlar. Həkəri çayının sahilində yerləşən ecazkar bulvar, incəsənət festivalları və bayram tədbirləri şəhərə əsl həyat bəxş edib.

Azərbaycan Prezidenti İlham Əliyev: “Laçın şəhəri günü həm tarixi ədalətin bərpasının, həm də xalqımızın dəmir iradəsinin və quruculuq əzminin təntənəsidir.”

Azərbaycan xalqı hər il avqustun 26-nı sonsuz qürur, Vətən sevgisi və şəhidlərimizə dərin ehtiramla qeyd edir. Laçın bu gün sülhün, əmin-amanlığın və dirçəlişin məkanına çevrilərək vüqarla və əzəmətlə öz şanlı tarixini yaşayır.

Heydər Rəhimov,
Nizami Bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı

Oxşar Xəbərlər

Back to top button