
Hər il 22 iyul tarixində ölkəmizdə Milli Mətbuat Günü qeyd olunur. Bu əlamətdar gün Azərbaycan milli mətbuatının əsasının qoyulduğu tarix olmaqla yanaşı, söz və fikir azadlığının, ictimai maarifçiliyin, milli özünüdərk prosesinin və dövlətçilik ənənələrinin formalaşması və inkişafında mühüm rol oynamış Azərbaycan jurnalistikasının zəngin irsinə ehtiramın ifadəsidir. Eyni zamanda, Milli Mətbuat Günü cəmiyyətin operativ və obyektiv informasiya ilə təmin olunmasında, ictimai rəyin formalaşdırılmasında, milli maraqların qorunmasında və dövlət–vətəndaş münasibətlərinin inkişafında mühüm missiya yerinə yetirən media nümayəndələrinin fəaliyyətinə verilən yüksək dəyərin təcəssümüdür.
Azərbaycan milli mətbuatının tarixi 1875-ci il iyulun 22-də görkəmli alim, maarifçi və publisist Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetinin nəşri ilə başlanır. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, “Əkinçi” xalqın maariflənməsinə, ana dilinin inkişafına, milli düşüncənin formalaşmasına və ictimai şüurun oyanmasına misilsiz töhfələr vermiş, Azərbaycan jurnalistikasında peşəkarlıq, obyektivlik və maarifçilik prinsiplərinin əsasını qoymuşdur.
“Əkinçi”nin yaratdığı maarifçilik ənənələri sonrakı dövrlərdə “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Füyuzat”, “İrşad”, “Açıq söz” və digər nüfuzlu mətbuat orqanları tərəfindən uğurla davam etdirilmişdir. Həmin nəşrlər milli istiqlal ideyalarının formalaşmasına, Azərbaycan dilinin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına və ictimai fikrin zənginləşməsinə mühüm töhfələr vermişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli mətbuat dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevrilərək demokratik dəyərlərin və dövlətçilik ideyalarının təbliğində mühüm rol oynamışdır. Sovet hakimiyyəti illərində mövcud ideoloji məhdudiyyətlərə baxmayaraq, milli dilin, ədəbiyyatın, elmin və mədəniyyətin inkişafına əhəmiyyətli töhfələr verilmiş, həmin dövrdə yetişən peşəkar jurnalistlər sonradan müstəqil Azərbaycan mediasının formalaşmasında mühüm rol oynamışlar.
Müstəqilliyin bərpasından sonra Azərbaycanda demokratik media mühitinin formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılmışdır. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə söz və mətbuat azadlığının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmiş, 1998-ci ildə senzuranın ləğvi isə milli medianın inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Sonrakı illərdə həyata keçirilən islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi və dövlət dəstəyi media sahəsinin davamlı inkişafını təmin etmişdir.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə media sahəsində həyata keçirilən ardıcıl islahatlar Azərbaycan jurnalistikasının müasir çağırışlara uyğun inkişafı üçün əlverişli şərait yaratmışdır. Rəqəmsal texnologiyaların və sosial medianın sürətlə inkişaf etdiyi müasir dövrdə operativ, dəqiq və obyektiv informasiya təqdim etmək, dezinformasiyaya qarşı effektiv mübarizə aparmaq və milli maraqları etibarlı şəkildə qorumaq medianın əsas vəzifələrindən biridir.
Azərbaycan mediası 44 günlük Vətən müharibəsi dövründə informasiya cəbhəsində yüksək peşəkarlıq nümayiş etdirərək ölkəmizin haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynamışdır. Hazırda da işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, “Böyük Qayıdış” Proqramı və digər strateji dövlət layihələri media tərəfindən operativ, obyektiv və dolğun şəkildə ictimaiyyətə çatdırılır.
Rəqəmsallaşma dövrü media qarşısında həm yeni imkanlar, həm də mühüm çağırışlar yaradır. Süni intellekt texnologiyalarının sürətli inkişafı jurnalistlərdən daha yüksək peşəkarlıq, etik prinsiplərə sadiqlik və güclü ictimai məsuliyyət tələb edir. Müasir Azərbaycan jurnalistikası yalnız xəbərlərin çatdırılması funksiyasını yerinə yetirmir, eyni zamanda cəmiyyətin maarifləndirilməsinə, milli-mənəvi dəyərlərin təbliğinə, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsinə və informasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir.
Milli mətbuatın inkişafı güclü dövlət, fəal vətəndaş cəmiyyəti və peşəkar jurnalistikanın səmərəli əməkdaşlığının mühüm göstəricisidir. Etibarlı və obyektiv media dövlətlə cəmiyyət arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, ictimai dialoqun inkişafına və milli həmrəyliyin gücləndirilməsinə xidmət edir.
Bu baxımdan, milli mətbuat cəmiyyətin düzgün, obyektiv və operativ məlumatlandırılmasında, dövlətlə vətəndaş arasında etibarlı informasiya körpüsünün formalaşdırılmasında mühüm rol oynayır. Ölkənin digər dövlət qurumları kimi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi də media ilə açıq, şəffaf və səmərəli əməkdaşlıq edərək su ehtiyatlarının idarə olunması, həyata keçirilən infrastruktur layihələri və institusional islahatlar barədə ictimaiyyətin vaxtında və dolğun məlumatlandırılmasını təmin edir. Etibarlı informasiya mühitinin formalaşdırılması dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına, vətəndaş məmnuniyyətinin yüksəldilməsinə və cəmiyyətin dövlət təsisatlarına olan etimadının daha da möhkəmlənməsinə mühüm töhfə verir.22 İyul – Milli Mətbuat Günü münasibətilə ölkəmizin bütün jurnalistlərini səmimi-qəlbdən təbrik edir, hər birinə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və peşə fəaliyyətlərində davamlı nailiyyətlər arzulayıram.
Bu əlamətdar gündə həyat müəllimim hesab etdiyim, respublika ziyalısı, Əməkdar jurnalist Bəxtiyar Sadıqova dərin ehtiramımı ifadə edirəm. O, ömrünü Azərbaycan milli mətbuatının inkişafına, dövlətçilik ideyalarının, Qarabağ həqiqətlərinin və vətənpərvərlik dəyərlərinin təbliğinə həsr etmiş görkəmli publisist və qələm sahibidir. Zəngin publisistik irsi, yüksək peşəkarlığı, prinsipial mövqeyi və milli maraqlara sadiqliyi ilə Azərbaycan jurnalistikasında silinməz iz qoymuş, peşəkar jurnalist nəslinin formalaşmasına və milli mətbuat ənənələrinin yaşadılmasına mühüm töhfələr vermişdir. Onun çoxillik fəaliyyəti və mənəvi irsi bu gün də Azərbaycan jurnalistikası üçün peşəkarlıq, vətənpərvərlik və əqidə nümunəsi olaraq öz yüksək dəyərini qorumaqdadır.
Arzu edirəm ki, Azərbaycan mediası bundan sonra da ölkəmizin inkişafına, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə, milli həmrəyliyin güclənməsinə və dövlətimizin beynəlxalq nüfuzunun daha da artmasına layiqli töhfələr versin. Milli mətbuatımızın zəngin ənənələri daim yaşasın, Azərbaycan jurnalistikası yeni uğurları ilə öz şərəfli tarixini daha da zənginləşdirsin.
Kamran Quliyev ,
YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə ərazi partiya təşkilatının sədr müavini



