
İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz əsaslı şəkildə dəyişib və köhnə metodologiyalarla bu regionu anlamaq tamamilə qeyri-mümkündür. Prezident İlham Əliyevin Forumdakı çıxışında aydın şəkildə ifadə olunduğu kimi, Cənubi Qafqazda Azərbaycanın suverenliyinin tam bərpası əvvəllər mövcud və ətalətli hesab edilən bir çox prosesləri yerindən tərpətmişdir. Azərbaycan bütün bu illər ərzində geosiyasi intriqalara cəlb olunmağa və hər hansı bir xarici oyunçunun ölkəmizi öz məqsədləri üçün istifadə etməsinə heç vaxt imkan verməmişdir. Regionda əməkdaşlıq etmək istəyən hər bir qüvvə başa düşməlidir ki, Cənubi Qafqaz geosiyasi mübarizə və rəqabət meydanı deyil, sülh və birgə fəaliyyət məkanı olmalıdır.
Bunun fonunda beynəlxalq aktorların müəyyən addımları və regiondakı vəziyyəti təhrif etmək cəhdləri də diqqətdən qaçmır. Dövlət başçısı bildirib ki, Qərb birliyi tərəfindən Ermənistana açıq meyillənmənin müşahidə olunması və tranzit ölkə kimi heç bir təcrübəsi olmayan Ermənistanın birdən-birə regionun əsas nəqliyyat mərkəzi kimi təqdim edilməsi böyük suallar doğurur və siyasi təhrifdən başqa bir şey deyil. Ölkəmiz öz coğrafiyasının, iqtisadi potensialının və hərbi imkanlarının fərqindədir və qonşu dövlətlər də xarici oyunçuların əlində alət olmaqdan uzaq duraraq eyni məsuliyyəti nümayiş etdirməlidirlər. Ermənistanla münasibətlərin normallaşması başa çatdıqdan və Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra bölgənin mənzərəsi fərqli bir mərhələyə qədəm qoyacaqdır.
Bu yeni mərhələdə regional məsələlərin həlli kənar müdaxilələr olmadan, bölgə ölkələrinin iştirakı ilə həyata keçirilməlidir. Azərbaycan Rusiya ilə münasibətləri tam normallaşdırmış və əlaqələrin müsbət dinamikasını həm ikitərəfli, həm də geniş coğrafi formatda davam etdirir. Prezident təklif edir ki, Cənubi Qafqazdakı problemlərin həlli üçün Rusiya, İran, Türkiyə, Ermənistan və Azərbaycanın iştirak etdiyi beştərəfli (Gürcüstanın iştirakı olmadan) əməkdaşlıq formatı ən məqsədəuyğun yoldur. Bu format, köhnə Minsk qrupu kimi qeyri-effektiv mexanizmlərin əvəzinə, bütün region ölkələrinin bərabərhüquqlu şəkildə ortaq problemləri müzakirə edərək nəticə əldə etməsinə geniş imkanlar yaradacaqdır.
Günel Kərimova,
YAP Nizami rayon təşkilatının fəalı



