
Azərbaycan müstəqil dövlət kimi fəaliyyət göstərdiyi dövrdə regionda sülhün, sabitliyin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsini daim xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmiz təkcə öz milli maraqlarını təmin etməklə kifayətlənmir, eyni zamanda Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması üçün ardıcıl təşəbbüslərlə çıxış edir.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı keçirilən görüşlərdə regional təhlükəsizlik və Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması prosesi geniş müzakirə olundu. Bu, beynəlxalq ictimaiyyətin Azərbaycanın sülh gündəliyinə verdiyi önəmin göstəricisidir.
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bölgədə yeni əməkdaşlıq imkanlarının yaranması üçün mühüm addımlar atıb. Ölkəmiz kommunikasiyaların açılması, iqtisadi əlaqələrin inkişafı və qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulmasının tərəfdarı olduğunu konkret addımlarla nümayiş etdirir.
Sülh yalnız siyasi sənədlərlə deyil, həm də gündəlik həyatda hiss olunan reallıq olmalıdır. Bu baxımdan Azərbaycan regionda davamlı sabitliyin təmin olunmasına, iqtisadi əməkdaşlığın genişlənməsinə və xalqlar arasında etimadın möhkəmlənməsinə yönəlmiş təşəbbüslərini ardıcıl şəkildə davam etdirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət nəticəsində Azərbaycan bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş, regional təhlükəsizliyin təmin olunmasına töhfə verən güclü dövlət kimi tanınır. Bu siyasət ölkəmizin gələcək inkişafı və bölgədə davamlı sülhün təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Arifə Əliyeva,
YAP Nizami rayon təşkilatının fəalı



