
Azərbaycanın həyata keçirdiyi müstəqil və praqmatik xarici siyasət ölkəmizin beynəlxalq tərəfdaşlarla münasibətlərinin davamlı inkişafına mühüm töhfə verir. Bu siyasətin uğurlu nəticələrindən biri də Azərbaycan ilə Avropa İttifaqı arasında formalaşmış strateji əməkdaşlıqdır. Son illərdə siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin genişlənməsi və enerji sahəsində uğurlu əməkdaşlıq münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir.
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə keçirdiyi görüşlərdə tərəflər enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat dəhlizləri, ticarət əlaqələri və regional sabitlik məsələlərini geniş müzakirə ediblər. Bu istiqamətlər üzrə əldə olunan razılaşmalar gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.
Azərbaycan bu gün Avropanın etibarlı enerji tərəfdaşlarından biri kimi tanınır. Təbii qaz ixracının artması, Cənub Qaz Dəhlizinin uğurlu fəaliyyəti və yaşıl enerji layihələrinin genişləndirilməsi ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni daha da artırır. Bununla yanaşı, Azərbaycanın nəqliyyat və logistika imkanları Avropa ilə Asiya arasında ticarətin inkişafında mühüm rol oynayır.
Qarşılıqlı etimada əsaslanan münasibətlər yalnız iqtisadi sahədə deyil, siyasi dialoq və regional əməkdaşlıq baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə öz töhfəsini verməyə davam edir.
Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi nüfuzunu daha da gücləndirir. Avropa İttifaqı ilə inkişaf edən əməkdaşlıq ölkəmizin milli maraqlarına xidmət etməklə yanaşı, regionda davamlı inkişaf və rifahın təmin olunmasına da mühüm töhfə verir.
Aytac Şahverənli,
YAP Nizami rayon təşkilatının fəalı



