Bakı Enerji Həftəsi Azərbaycanın enerji mərkəzi kimi mövqeyini gücləndirir

Bakı Enerji Həftəsi dünyanın müxtəlif ölkələrindən enerji şirkətlərini, ekspertləri və dövlət nümayəndələrini bir araya gətirən mühüm beynəlxalq platformalardan biridir. Bu tədbir enerji sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi, yeni əməkdaşlıq imkanlarının araşdırılması və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan uzun illərdir ki, qlobal enerji bazarında etibarlı tərəfdaş kimi tanınır. Ölkənin zəngin enerji ehtiyatları, əlverişli coğrafi mövqeyi və həyata keçirilən iri beynəlxalq layihələr regionun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Son illərdə təbii qaz ixracının genişlənməsi və yeni enerji marşrutlarının formalaşdırılması Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artırıb.
Bakı Enerji Həftəsində ənənəvi enerji mənbələri ilə yanaşı, bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr də diqqət mərkəzində olur. Günəş və külək enerjisi potensialından səmərəli istifadə istiqamətində görülən işlər ölkənin enerji sektorunda yeni inkişaf mərhələsinin əsasını təşkil edir. Bu istiqamətdə beynəlxalq şirkətlərlə əməkdaşlığın genişlənməsi yaşıl enerji sahəsində mühüm nəticələrin əldə olunmasına şərait yaradır.
Tədbir çərçivəsində aparılan müzakirələr enerji təhlükəsizliyi, innovativ texnologiyaların tətbiqi, investisiya imkanları və dayanıqlı inkişaf məsələlərini əhatə edir. Bu baxımdan Bakı Enerji Həftəsi təkcə regional deyil, həm də qlobal enerji gündəliyinin mühüm tədbirlərindən biri hesab olunur.
Azərbaycanın enerji strategiyası iqtisadi inkişafın davamlılığını təmin etməklə yanaşı, beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə də xidmət edir. Bakı Enerji Həftəsi isə ölkənin dünya enerji bazarındakı mövqeyinin güclənməsinə və yeni tərəfdaşlıqların qurulmasına töhfə verən əhəmiyyətli platforma kimi öz rolunu davam etdirir.
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



