AnalitikaGündəmSiyasət

Bakı Enerji Həftəsi: Regionun iqtisadi dinamikasına yeni bir nəfəs

İyunun 1-də Bakı Ekspo Mərkəzində regionun ən mötəbər enerji tədbirlərindən biri – Bakı Enerji Həftəsi öz işinə başlamışdır. Bu möhtəşəm platforma çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas”), 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi (“Caspian Power”) və Bakı Konqres Mərkəzində təşkil olunan 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimi baş tutub. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin tarixi uğurlarından tutmuş qlobal geosiyasi arenadakı çağırışlara və gələcək “yaşıl enerji” strategiyasına qədər bir çox mühüm məqamlara toxunub, beynəlxalq birliyə və investorlara vacib mesajlar ünvanlayıb.

Prezident İlham Əliyev öz çıxışında ilk növbədə Bakı Enerji Həftəsinin formalaşma tarixinə nəzər salaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan “Xəzər Neft və Qaz Sərgisi” müasir Azərbaycanın enerji inkişafının əsas təməlini təşkil edib. Zaman keçdikcə bu platforma təkamül edərək qlobal miqyaslı nəhəng bir “Enerji Həftəsinə” çevrilmişdir.

Dövlət başçısı qlobal enerji keçidi proseslərinə toxunarkən kifayət qədər praqmatik və realist bir yanaşma nümayiş etdirib: “Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz. Biz hamımız planetimizi qorumaq və daha yaxşı iqlimə sahib olmaq istəyirik. Lakin bu gün biz gələcəyimizi real addımlarla planlaşdırmalı, enerji təhlükəsizliyini təmin etməklə yanaşı, bərpaolunan enerjiyə investisiya yatırmalıyıq.”

Prezident qeyd edib ki, neft və qaz ehtiyatlarına malik olduqları üçün ölkələri ittiham etmək düzgün deyil; çünki bu, digər təbii ehtiyatlar kimi bir əmtəədir və Azərbaycan müstəqilliyinin ilk illərində məhz bu resurslar sayəsində ayaqda qalmağı, iqtisadiyyatını yenidən qurmağı, təhsil, səhiyyə və sosial infrastruktura milyardlarla vəsait yönəltməyi bacarmışdır.

Azərbaycanın iqtisadi göstəricilərinin son dərəcə müsbət olduğunu vurğulayan dövlət başçısı, ölkənin xarici borclanma siyasətində qazanılan uğurları rəqəmlərlə ifadə edib. Belə ki, Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzu 18 dəfədən çox üstələyir. Bu maliyyə müstəqilliyi ölkəmizə həm hərbi qüdrətini artırmağa (və 30 illik işğala son qoymağa), həm də xarici diktələrdən uzaq, tamamilə milli maraqlara söykənən müstəqil strategiya yürütməyə imkan vermişdir.

Prezident Avropanın enerji təhlükəsizliyində Cənub Qaz Dəhlizinin əvəzsiz rolunu xüsusi qeyd edib: “Ötən il Bakı Enerji Həftəsində Azərbaycan qazını idxal edən ölkələrin sayı 12 idisə, bu gün bu rəqəm 16-ya yüksəlib. Bu ölkələrdən 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri ilə nəql edilən qazın coğrafi diversifikasiyası parametrinə görə Azərbaycan dünyada öncül sıralardadır.Ölkəmizin qaz ehtiyatları ən azı 100 il həm daxili, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə yetərlidir.”

Azərbaycan zəngin qaz ehtiyatlarına malik olmasına baxmayaraq, qlobal iqlim hədəflərinə və beynəlxalq məsuliyyətinə sadiq qalaraq bərpaolunan enerji sektoruna böyük investisiyalar cəlb edir. Prezident vurğulayıb ki, 1990-cı illərdə xarici neft-qaz şirkətləri üçün yaradılmış əlverişli investisiya mühiti bu gün tam həcmdə “yaşıl enerji” sahəsinə də tətbiq olunur.

Hazırda Azərbaycan tərəfdaşları ilə birlikdə nəhəng layihələr, o cümlədən dənizdən və qurudan əldə edilən təmiz enerjinin ixracı məqsədilə xüsusi enerji kabellərinin (məsələn, Qara dəniz sualtı elektrik kabeli layihəsi) çəkilişi üzərində sıx işləyir. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində tətbiq edilən “Yaşıl Enerji Zonası” modeli ölkənin gələcək enerji xəritəsinin əsas vizyonudur.

Çıxışın ən diqqətçəkən məqamlarından biri də regional nəqliyyat və kommunikasiya xətləri ilə bağlı olub. Şərq-Qərb nəqliyyat dəhlizinin uğurla fəaliyyət göstərdiyini deyən dövlət başçısı regional sabitlik və iqtisadi inteqrasiya baxımından kritik əhəmiyyət kəsb edən mühüm bir bəyanat verib: “Zəngəzur dəhlizi mütləq inşa ediləcək. Bu dəhliz Şərq-Qərb koridorunun mühüm bir qolu olacaq və Vaşinqtonda (Ağ Evdə) ABŞ Prezidenti, Ermənistanın Baş naziri və mənim tərəfimdən imzalanmış sənədə əsasən reallığa çevriləcək.”

Prezident İlham Əliyevin 31-ci Bakı Enerji Həftəsindəki builki çıxışı Azərbaycanın təkcə ənənəvi karbohidrogen resurslarının etibarlı tədarükçüsü deyil, həm də gələcəyin “yaşıl” və dayanıqlı enerji arxitekturasının əsas qurucularından biri olduğunu növbəti dəfə nümayiş etdirdi. Ölkəmizin nümayiş etdirdiyi praqmatik yanaşma- yəni real tələbata əsaslanan neft-qaz siyasəti ilə ekoloji təmiz innovasiyaların sintezi-onu qlobal arenada strateji tərəfdaş kimi daha da əvəzolunmaz edir. Tədbir çərçivəsində keçirilən görüşlər və imzalanacaq yeni müqavilələr yaxın günlərdə regionun iqtisadi dinamikasına yeni bir nəfəs verəcəkdir.

Heydər Rəhimov,
Nizami Bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı

 

Oxşar Xəbərlər

Back to top button