ADSEA: Sürətli urbanizasiya və köhnəlmiş infrastruktur su sektorunda yeni çağırışlar formalaşdırır

Bu gün iqlim dəyişiklikləri, sürətli urbanizasiya, əhali artımı və köhnəlmiş infrastruktur su sektorunda yeni çağırışlar formalaşdırır. Belə şəraitdə kommunal xidmət qurumları arasında əməkdaşlıq artıq seçim deyil, zərurətə çevrilib.
Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) şöbə müdiri Riyad Axundzadə Qlobal Su Operatorları Tərəfdaşlıqları Alyansı Assambleyası (GWOPA) çərçivəsində keçirilən su sektorunda əməkdaşlığın genişləndirilməsi, operatorlar arasında həmrəyliyin gücləndirilməsi və dayanıqlı su idarəçiliyinin inkişafı məsələlərinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, iqlim dəyişikliklərinin təsirləri gündəlik həyatda və su sektorunda daha aydın hiss olunur.
“Qeyri-sabit hava şəraitinin də iqlim dəyişikliklərinin nəticələrindən biridir. Bu çağırışlar su idarəçiliyinə daha inteqrasiya olunmuş yanaşmanı tələb edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi, təhlükəsiz içməli su və sanitariya xidmətlərinə çıxışın genişləndirilməsi, su itkilərinin azaldılması və tullantı sularının idarə edilməsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Rəqəmsallaşma, əməliyyat səmərəliliyi, təmizlənmiş tullantı və yağış sularının təkrar istifadəsi, eləcə də müasir texnologiyaların tətbiqi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində əsas prioritetlərdən biridir. Əminəm ki, bugünkü görüşlər yeni tərəfdaşlıqların formalaşmasına, faydalı ideyaların ortaya çıxmasına və gələcək əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək”, – deyə Riyad Axundzadə əlavə edib.



