
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Heydər Əliyev və müasir, müstəqil Azərbaycan Respublikası” mövzusunda tədbir keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Heydər Əliyev Məktəbi”nin və “Gənc liderlər məktəbi” layihələrinin iştirakçılarının da iştirak etdiyi tədbirdə öncə “Eko-park”ın ərazisində ağacəkmə olub.
Sonra iştirakçılar “Eko-park”da fəaliyyət göstərən istixananın fəaliyyəti ilə tanış olub, onlara burada yetişdirilən bitkilər haqqında məlumat verilib.
Akt zalında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş videoçarxın nümayişindən sonra çıxış edən məşhur “91-lər”in üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatın Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin Baş icraçı direktoru Ayxan Əliyev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları bildiriblər ki, Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarıb, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib. Dahi rəhbər dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzun ömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoyub. Ulu Öndər ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olub.
Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərliyinin 34 ili milli intibah dövrü kimi tarixi yaddaşımıza əbədi həkk olunub. Tarixin ən görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoyub. Heydər Əliyev zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırıb.
Çıxışlardan sonra YAP-ın ƏPT-lərində siyasi-ideoloji xəttin daha da gücləndirilməsində, aktivlərin sıralarının daha da genişləndirilməsində, eləcə də ictimai-mədəni tədbirlərin təşkilində fəal iştirakına görə bir qrup şəxs təltif olunub, partiyaya yeni qəbul edilmiş şəxslərə isə vəsiqələri təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.




























