
“Prezident İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana həyata keçirdiyi rəsmi səfər və səfər çərçivəsində mətbuata verdiyi bəyanat bütövlükdə Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasını müəyyən edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan-Gürcüstan münasibətləri artıq sadəcə qonşuluq və tərəfdaşlıq çərçivəsini aşaraq strateji müttəfiqlik və regional liderlik modelinə çevrilib”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyevin bəyanatında xüsusi vurğulanan əsas məqamlardan biri Azərbaycan və Gürcüstan xalqları arasında əsrlərə söykənən dostluq və qardaşlıq münasibətləridir. Tarixin müxtəlif dövrlərində sınaqlardan çıxmış bu münasibətlər bu gün müasir dövlətlərarası əməkdaşlığın möhkəm təməlini təşkil edir. Dövlət başçısının qeyd etdiyi kimi, iki xalq əsrlər boyu mehribanlıq və qarşılıqlı hörmət şəraitində yaşayıb, bu ənənələr müstəqillik dövründə də uğurla davam etdirilir. Məhz bu tarixi bağlılıq bu gün siyasi və iqtisadi münasibətlərin inkişafına güclü təkan verən əsas faktorlardan biridir.
“Azərbaycan və Gürcüstan bütün beynəlxalq platformalarda daim bir-birinin yanında olmuş, bir-birinin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləmişdir. Bu prinsipial mövqe iki ölkə arasında diplomatik həmrəyliyin və strateji etimadın ən parlaq nümunəsidir. Qarşılıqlı dəstək siyasəti həm Bakının, həm də Tbilisinin beynəlxalq aləmdə mövqelərinin güclənməsinə mühüm töhfə verir”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, enerji və nəqliyyat sahəsində əməkdaşlıq Azərbaycan-Gürcüstan münasibətlərinin strateji mahiyyətini daha da dərinləşdirən əsas istiqamətlərdəndir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və bu ixracın başlanğıc nöqtəsi məhz Gürcüstandır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi qlobal əhəmiyyətli layihələr Azərbaycan-Gürcüstan əməkdaşlığının beynəlxalq miqyasda strateji dəyər daşıdığını sübut edir.
Onun sözlərinə görə, Bakı ilə Tbilisi arasında əlaqələr bütövlükdə regionun siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasının formalaşmasında həlledici rol oynayır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan və Gürcüstan bundan sonra da bu uğurlu yolu birlikdə davam etdirəcək, regionun rifahı və sabitliyi naminə yeni layihələrə imza atacaqlar.



