
“Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin fevralın 26-da – Xocalı soyqırımının 34-cü ilində Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak etməsi həm tarixi, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi Memorial Kompleksinin, məhz Xocalıda açılışı ədalətin təntənəsidir, silinməz yaddaşımızın təcəssümüdür və Azərbaycan xalqının əyilməz ruhunun göstəricisidir”.
Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Xocalı Soyqırımı Memorialı 26 fevral 1992-ci ildə baş vermiş qanlı faciəni əbədiləşdirir: “Memorialın açılması qurbanların xatirəsinin qorunması və gələcək nəsillərə bu dəhşətli hadisənin unudulmaması mesajını verir. Memorial vasitəsilə insanlar, xüsusilə gənc nəsil Xocalı hadisələrinin səbəbləri və nəticələri barədə öyrənəcək və tarix dərslərində, ictimai təbliğatda əhəmiyyətli rol oynayacaq. Xocalı Soyqırımı Memorialı həmçinin faciənin daim xatırlanması üçün Azərbaycan xalqının tarixi yaddaşını formalaşdıracaq, milli kimliyin bir hissəsinə çevriləcək”.
“Memorialın açılışı Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması və Ermənistanın məsuliyyətinin vurğulanması üçün siyasi mesajdır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Memorial vətəndaşlarımıza həm tarixi həqiqəti çatdırır, həm milli birliyi, həmrəyliyi gücləndirir, həm də beynəlxalq tədbirlərdə, sərgilərdə, xarici diplomatların ziyarətində Azərbaycanın haqq səsini çatdırır: “Memorial Azərbaycan üçün beynəlxalq münasibətlərdə Ermənistanın törətdiyi cinayətlərin tanınmasını tələb etmək üçün güclü simvolik vasitədir. Çünki Memorial insan hüquqlarının qorunması və soyqırımılara qarşı beynəlxalq həmrəyliyin vacibliyini göstərir. Azərbaycan bununla göstərir ki, Xocalı soyqırımı təkcə tarixi hadisə deyil, həm də beynəlxalq hüquq kontekstində ədalət tələb edən məsələdir. Bir sözlə, Xocalı Soyqırımı Memorialının açılışı həm Azərbaycan xalqının yaddaşını qorumaq, həm də beynəlxalq diplomatiyada haqq səsini çatdırmaq üçün strateji əhəmiyyətə malikdir. Memorial, həm tarixi xatirə, həm də siyasi və diplomatik vasitə olaraq fəaliyyət göstərir, beynəlxalq ictimaiyyətin diqqətini faciəyə yönəldir və soyqırımın tanınmasına təkan verir”.



