AnalitikaGündəmSiyasət

26 Fevral – Xocalı Soyqırımı Günü

26 fevral Azərbaycan tarixində ən faciəli və unudulmaz günlərdən biridir. Bu tarix Xocalı Soyqırımı qurbanlarının anım günü kimi qeyd olunur. 1992-ci ilin 26 fevral gecəsi Xocalıda dinc əhaliyə qarşı amansız qətliam törədilmişdir.

Bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayət kimi qiymətləndirilir. Bir çox ölkələr və beynəlxalq təşkilatlar Xocalı hadisələrini soyqırım və ya kütləvi qətliam kimi tanımışdır.

Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış və hər il 26 fevral tarixində ölkə ərazisində və dünyanın müxtəlif yerlərində anım mərasimləri keçirilir, şəhidlərin xatirəsi ehtiramla yad edilir.

Bu gün gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Şəhidlərin xatirəsi daim qəlbimizdə yaşayacaq və bu faciə heç zaman unudulmayacaq.

Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.

Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir.

1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də burada məskunlaşmışdılar.

Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil.

Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır.

Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər, hətta meyitləri də təhqir etmişlər…

Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

Ümummilli lider Heydər Əliyevin 1 mart 1994-cü il fərmanı, Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.

26 fevral – Xocalı Soyqırımı Günü Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaqdır.

Günəş Əlili,
SOCAR Neft Kəmərləri İdarəsinin əməkdaşı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button