AnalitikaGündəmSiyasət

Qayıdışın mübarək olsun, Xocalı!

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmiş və misli görünməmiş qəddarlıqlarla və amansızcasına qətliam törətmişdir. Lakin Azərbaycanın o vaxtkı rəhbərliyi tərəfindən göstərilən acizlik və susqunluq nəticəsində Xocalı faciəsinə anında siyasi qiymət verilməmiş, Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında əməli heç bir iş görülməmiş və buna ümumiyyətlə səy də göstərilməmişdir.

Yalnız 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsinə dövlət tərəfindən ilk dəfə siyasi qiymət verilmiş, Milli Məclisin 1994-cü il 24 fevral qərarı ilə fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilmiş, dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciətlər göndərilmişdir. Ulu Öndər Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla isə hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və şanlı Ordumuzun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı separatçılardan təmizləndi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Bu gün Xocalıya yeni həyat qayıdıb, Möhtərəm Prezidentimizin rəhbərliyi və şəxsi nəzarəti ilə işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi Xocalıda da böyük quruculuq işləri aparılır, yeni infrastruktur layihələr icra olunur. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq Xocalı sakinləri öz doğma torpaqlarına qayıdırlar. 2026-cı il 19 yanvar tarixinə qədər Xocalı şəhəri və kəndlərinə 881 ailə, 3.602 nəfər köçürülmüşdür.

2025-ci il fevralın 25-də Prezident İlham Əliyev “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncam imzalayıb. Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin təməlqoyma mərasimi 2024-cü il 26 fevral tarixində baş tutub. Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılan Xocalı Soyqırımı Memorial Kompleksi müxtəlif bölmələrdən ibarət olacaq. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əhaliyə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat barədə faktlar yer alacaq. Memorialda Xocalının coğrafi mövqeyini təsvir etmək məqsədilə rayonun maketi də yer alacaq.

Ziyarətçilər memorialda soyqırımı qurbanlarının və şahidlərinin hekayələri, xocalılıların düşmənə qarşı mərdliyi ilə tanış ola biləcəklər. Bu hekayələr Xocalı soyqırımının miqyasını, faciə qurbanlarının iztirablarını hər bir kəsə ötürərək, Azərbaycan tarixinin ən dəhşətli səhifəsi barədə məlumatları çatdıracaq.

Memorialda, həmçinin faciə ilə bağlı sənədli filmlər, Xocalı həqiqətləri barədə videomateriallar nümayiş olunacaq. Eyni zamanda, Xocalının işğaldan azad olunması və cinayətkarların cəzalandırılması istiqamətində görülən tədbirlər barədə məlumatlar yer alacaq.
Qayıdışın mübarək olsun, Xocalı!

Həmidə Ələfsərova,
Kimya-biologiya təmayüllü Respublika liseyinin həkim-pediatrı, Nizami rayon fəalı

Oxşar Xəbərlər

Back to top button