
Müasir dövrdə dövlətlərin dayanıqlı inkişafı bilavasitə gənc nəslin intellektual səviyyəsi, mənəvi dəyərləri və fiziki hazırlığı ilə sıx bağlıdır. Bu baxımdan Azərbaycan Respublikasında gənclərin sağlam, vətənpərvər və milli dəyərlərə sadiq ruhda tərbiyə olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, gənclər Vətən sevgisi ilə böyüməli, milli kimliyini dərindən dərk etməli və dövlətçiliyin möhkəmləndirilməsində fəal rol oynamalıdır.
Azərbaycan gəncliyi bu gün yalnız bilikli və dünyagörüşlü olmaqla kifayətlənməməli, eyni zamanda sağlam düşüncəyə, yüksək mənəvi keyfiyyətlərə və güclü vətənpərvərlik ruhuna sahib olmalıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkənin gələcəyi məhz belə gənclərin əlindədir. Gənclərin düzgün tərbiyəsi isə təkcə təhsil sistemi ilə məhdudlaşmır, cəmiyyətdə mövcud olan ümumi mənəvi-psixoloji mühit də bu prosesdə həlledici rol oynayır.Cəmiyyətdə hökm sürən həmrəylik və milli birlik mühiti gənclərin formalaşmasına birbaşa təsir göstərir. Azərbaycan xalqının son illərdə nümayiş etdirdiyi vətənpərvərlik, birlik və qətiyyət bu mühitin nə qədər sağlam olduğunu açıq şəkildə göstərir. Xüsusilə Vətən müharibəsi dövründə xalq–ordu–dövlət birliyinin parlaq təzahürü gənclər üçün real və canlı nümunə olmuşdur. Bu hadisələr gənclərdə Vətənə bağlılıq hissini daha da gücləndirmiş, milli şüurun formalaşmasında mühüm rol oynamışdır.
Gənclərin fiziki hazırlığı ilə mənəvi saflığının vəhdəti ölkənin inkişafı üçün əsas şərtlərdən biridir. Prezident İlham Əliyevin siyasətində idmanın inkişafına xüsusi önəm verilməsi də məhz bu məqsədə xidmət edir. İdman yalnız fiziki sağlamlıq vasitəsi deyil, eyni zamanda intizam, iradə, mübarizlik və kollektiv ruh aşılayan mühüm tərbiyə vasitəsidir. Dövlət başçısının təşəbbüsü ilə ölkədə idman infrastrukturu genişləndirilmiş, regionlarda müasir idman kompleksləri inşa edilmişdir ki, bu da gənclərin sağlam həyat tərzinə cəlb olunmasına şərait yaradır.İdman vasitəsilə tərbiyə olunan gənclər Vətənə xidmət etməyə daha hazır, milli maraqları qorumağa daha qətiyyətli olurlar. Sağlam bədən və sağlam ruh prinsipi məhz bu kontekstdə öz əhəmiyyətini qazanır. Gənclərin fiziki gücü mənəvi dəyərlərlə tamamlandıqda, cəmiyyətin inkişafı davamlı və dayanıqlı olur.
Nəticə etibarilə, Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasəti strateji xarakter daşıyır və uzunmüddətli milli maraqlara xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan bu siyasət gənclərin sağlam, vətənpərvər və məsuliyyətli vətəndaşlar kimi yetişməsini təmin edir. Belə bir gənc nəslin mövcudluğu isə Azərbaycanın inkişafının daimi və əbədi olmasının əsas təminatıdır. Prezident İlham Əliyev gəncləri dövlətçiliyin əsas dayağı hesab edir və onun siyasi xəttində gənclər amili xüsusi yer tutur. Dövlət başçısı çıxışlarında tez-tez vurğulayır ki, Azərbaycan gəncliyi milli maraqları hər şeydən üstün tutmalı, müstəqil dövlətin qorunmasını özünün ali vəzifəsi bilməlidir. İlham Əliyevin gənclərlə mütəmadi görüşləri, onların problemlərini dinləməsi və təşəbbüslərini dəstəkləməsi bu siyasətin formal deyil, praktik xarakter daşıdığını göstərir.
Xüsusi vurğulamaq olar ki, Prezident İlham Əliyevin qətiyyətli liderliyi və siyasi iradəsi 44 günlük Vətən müharibəsində gənclərin döyüş ruhunun formalaşmasında həlledici rol oynamışdır. Onun xalqa ünvanlanan müraciətləri, qələbəyə inamı və milli birliyi möhkəmləndirən çıxışları gənclər üçün əsl vətənpərvərlik məktəbi olmuşdur. Bu dövrdə gənclər Prezidentin ətrafında sıx birləşərək Vətənə sədaqət nümunəsi göstərmişlər.
Pərvin Cəfərli,
Yeni Azərbaycan Partiyası,məsləhətçi



