
“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli azadlıq mübarizəsinin, dövlətçilik iradəsinin və tarixi yaddaşının parlaq təcəssümüdür. Bu əlamətdar gün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları bir amal, bir Vətən, bir ideologiya ətrafında birləşdirən milli həmrəylik manifestidir. Ümummilli Lider Heydər Əliyevin vurğuladığı kimi, “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsidir”. Bu fikir Həmrəylik Gününün tarixi-siyasi mahiyyətini aydın şəkildə ifadə edir. Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının dirçəlişi, milli özünüdərki və müstəqil dövlət quruculuğu məhz bu birlik ruhu üzərində formalaşmışdır”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkiıatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, 1991-ci il dekabrın 16-da Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə tarixi qərar qəbul edildi. Ardınca Azərbaycan Respublikasının Ali Soveti tərəfindən bu günün rəsmi bayram kimi təsdiqlənməsi dünya azərbaycanlılarının milli birlik ideyasının hüquqi əsasını yaratdı. Bu qərar təsadüfi deyildi. Sovet imperiyasının süqutu ərəfəsində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədləri sökməsi, ayrılığa etiraz olaraq nümayiş etdirdikləri həmrəylik iradəsi Azərbaycan xalqının parçalanmaya boyun əymədiyini dünyaya göstərdi. Həmin hadisələr Həmrəylik Gününün ideoloji əsasını formalaşdırdı.
“Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu və təşkilatçısı olan Ulu Öndər Heydər Əliyev diasporla əlaqələri dövlət siyasətinin prioritet istiqamətinə çevirdi. Onun təşəbbüsü ilə 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasında yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri milli qürurun, milli mənlik şüurunun rəmzinə çevrildi. Bu çağırış dünya azərbaycanlılarının mənəvi birliyini daha da möhkəmləndirdi”.
Rəşadət Xalıqov bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının və dünya azərbaycanlılarının sarsılmaz birliyini nümayiş etdirdi. Xaricdə yaşayan soydaşlarımız Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz fəallıq göstərdilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Dəmir yumruq” milli birliyin rəmzinə çevrildi. 2022-ci il aprelin 22-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı milli birliyimizin ən yüksək zirvəsi oldu. Azad Şuşada keçirilən bu tarixi toplantı dünya azərbaycanlılarının qalib xalqın nümayəndələri kimi bir araya gəldiyini təsdiqlədi.
Onun sözlərinə görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli kimliyimizin, dövlətçilik şüurumuzun və tarixi qələbələrimizin ideoloji sütunudur. Bu gün Azərbaycan bütün dünya azərbaycanlılarının mənəvi Vətəni, güvənc yeri və birliyinin əsas dayağıdır.



