AnalitikaGündəmSiyasət

Şuşa Zəfəri Azərbaycanın müasir tarixinin zirvəsidir

8 noyabr 2020-ci il Azərbaycan tarixində əbədi olaraq Zəfər Günü kimi yadda qaldı. Həmin gün xalqımız, dövlətimiz və ordumuz birlikdə əsrlər boyu milli yaddaşda qalmış bir ədalətsizliyi aradan qaldıraraq, Azərbaycanın mədəni və strateji incisi olan Şuşanı azad etdi. Bu hadisə yalnız hərbi əməliyyatın uğurla nəticələnməsi deyil, həm də Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli iradəsinin və xalqın birliyinin təntənəsi idi. Şuşanın azad olunması Vətən müharibəsinin simvoluna, Azərbaycanın XXI əsrdə qazandığı ən böyük tarixi nailiyyətə çevrildi.

Şuşa Azərbaycanın tarixində və kimliyində xüsusi yer tutur. Qarabağın mərkəzi və mədəni beşiyi olan bu şəhər XVIII əsrdə Pənahəli xan tərəfindən salındığı gündən etibarən Azərbaycan dövlətçiliyinin, musiqisinin, poeziyasının və mənəvi mədəniyyətinin rəmzi olub. Üzeyir Hacıbəyli, Bülbül, Natəvan kimi şəxsiyyətlərin adı ilə bağlı olan Şuşa xalqımızın milli ruhunu, mənəvi dirənişini və azadlıq sevgisini təcəssüm etdirir. 1992-ci ildə şəhərin işğalı təkcə torpaq itkisi deyil, həm də mənəvi sarsıntı idi. Bu itki xalqımızda ədalətin bərpası və azadlığın yenidən qazanılması arzusu kimi dərin iz buraxdı. 28 il ərzində Şuşanın azadlığı həm dövlətin, həm də xalqın milli məqsədinə çevrildi və bu məqsəd nəhayət, 2020-ci ildə reallaşdı. Dövlət başçısı hər zaman mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edib.

Azərbaycanın milli maraqlarını hər zaman uca tutan, Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və tarixi Qələbəmizin əsası qoyuldu. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də Qələbə qazandıq. 8 Noyabrın Zəfər Günü kimi qeyd olunması həm də milli birliyin və dövlətçilik fəlsəfəsinin möhkəmlənməsinə xidmət edir. Bu gün Şuşa Azərbaycan xalqının ruhunda həm qələbənin, həm də bərpa olunmuş ədalətin simvoludur. O, keçmişin ağrılarını gələcəyə çevrilən gücə, mübarizəni qürura, qələbəni isə birliyə çevirən tarixi hadisədir. Şuşa Zəfəri göstərdi ki, azadlıq və ədalət ideyası yalnız inam, liderlik və xalq iradəsi birləşəndə reallığa çevrilə bilər. Şuşa Zəfəri Azərbaycanın müasir tarixinin zirvəsidir. Bu qələbə təkcə 44 günlük müharibənin deyil, yüzillərlə davam edən milli mübarizənin məntiqi yekunudur. O, xalqımızın kimliyinin, dövlətimizin suverenliyinin və milli ideallarımızın bərpa olunduğu tarixi dönəmdir. Şuşa bu gün yalnız azad edilmiş şəhər deyil, müstəqil Azərbaycanın gələcək nəsillərinə miras qalan, güc, iradə və birliyin rəmzidir.

Bədiyyə Sadıqova,
Yeni Azəraycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button