
Azərbaycan tarixində elə günlər var ki, bu günlər xalqın milli yaddaşında əbədi iz buraxır, qürur və iftixar hissi ilə xatırlanır. 8 Noyabr – Şuşa şəhəri günü məhz belə müqəddəs günlərdən biridir. Bu tarix Azərbaycan xalqının tarixi ədaləti bərpa etdiyi, işğaldan azad edilmiş torpaqlarımızda yenidən dövlət bayrağımızın dalğalandığı qürur günüdür.Şuşa şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə türk və islam mədəniyyətinin incisi sayılır. 1752-ci ildə Pənahəli xan tərəfindən salınan bu şəhər əsrlər boyu Qarabağın siyasi, iqtisadi və mədəni mərkəzi olmuşdur. “Qafqazın konservatoriyası” adlandırılan Şuşa Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvan kimi dahilər yetirmiş, Azərbaycan musiqisinin, poeziyasının və sənətinin beşiyinə çevrilmişdir. Lakin bu müqəddəs torpaq 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu və 28 il düşmən tapdağı altında qaldı.
Şuşanın azad edilməsi Azərbaycan tarixinin ən şanlı səhifəsidir. 2020-ci ilin 8 noyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu misilsiz döyüş fədakarlığı göstərərək Şuşanı işğaldan azad etdi. Bu zəfərlə həm 30 illik həsrətə son qoyuldu, həm də Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Prezident İlham Əliyev həmin tarixi gündə xalqa müraciətində söylədi: “Şuşasız bizim işimiz yarımçıq olardı. Şuşanı azad etməklə biz düşmənin belini qırdıq.” Bu sözlər həm hərbi qələbənin, həm də mənəvi üstünlüyün təntənəsi idi.Şuşanın azadlığı ilə Azərbaycan xalqının milli birliyi, Vətən sevgisi və dövlətinə sədaqəti bir daha nümayiş olundu. Bu zəfər təkcə hərbi qələbə deyil, həm də milli ruhun, əzmin, inamın qələbəsi idi.
2021-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə 8 noyabr “Zəfər Günü”, 8 noyabr 2023-cü ildən isə “Şuşa şəhəri günü” kimi qeyd olunur. Bu qərar Şuşanın Azərbaycanın mənəvi paytaxtı kimi əhəmiyyətini daha da möhkəmləndirdi.Bu gün Şuşa böyük quruculuq və bərpa mərhələsindədir. Azad olunandan dərhal sonra dövlət başçısının göstərişi ilə şəhərdə genişmiqyaslı yenidənqurma işləri başlanmışdır. Yollar, tunellər, elektrik və qaz xətləri çəkilmiş, yeni yaşayış binaları, məktəblər, mədəniyyət ocaqları inşa edilmişdir. “Xarıbülbül” musiqi festivalının, “Vaqif Poeziya Günləri”nin və digər beynəlxalq tədbirlərin keçirilməsi Şuşanın əvvəlki şöhrətini özünə qaytarmışdır.
Bu gün Şuşa həm də sülhün və yenidənqurmanın rəmzidir. Burada həyata keçirilən layihələr Azərbaycanın gücünü, müstəqil siyasətini və gələcəyə inamını əks etdirir. Şuşanın bərpası təkcə bir şəhərin dirçəlişi deyil, bütöv Azərbaycanın inkişafının, mədəni irsinin qorunmasının və milli kimliyimizin təntənəsidir.8 Noyabr – Şuşa şəhəri günü hər bir azərbaycanlı üçün qürur, şərəf və minnətdarlıq günüdür. Bu gün biz Vətən uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla anır, qəhrəman əsgərlərimizin və Ali Baş Komandanın göstərdiyi qəhrəmanlıqlarla fəxr edirik. Şuşa artıq azaddır, əbədi azad qalacaq – çünki bu şəhər Azərbaycanın qəlbi, xalqımızın əzmi və birliyinin simvoludur.
Murad Zeynalov,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



