
“Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı böyük maraq doğurdu. Bu çıxışda həm dostluq və qardaşlıq münasibətləri, həm də əməkdaşlığın yeni istiqamətləri öz əksini tapıb. Prezident İlham Əliyevin səmimi sözləri iki ölkə arasında dostluq münasibətlərinin nə qədər dərin və sarsılmaz olduğunun göstəricisidir”.
Bunu “ƏsasXəbər”ə açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Tacikistan ilə Azərbaycan arasında münasibətlər ardıcıl və uğurlu inkişaf edir. Bu əlaqələr qarşılıqlı hörmət, dostluq və dəstəyə əsaslanır. Hər iki xalqı birləşdirən ortaq dəyərlər və tarix gələcəkdə də bu münasibətlərin möhkəmlənəcəyinə əminlik yaradır.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı seçilməsinə görə təşkilata üzv dövlətlərin başçılarına təşəkkürünü bildirib. O qeyd edib ki, Laçın uzun illər işğal altında qalmış, tamamilə dağıdılmış, lakin azad edildikdən sonra qısa zamanda yenidən qurulmuşdur. Bu gün Laçın müasir, gözəl və yaşayış üçün ən rahat şəhərlərdən birinə çevrilib. Bu fakt Azərbaycan xalqının əzmini, quruculuq ruhunu və azad edilmiş torpaqlara olan sevgisini nümayiş etdirir.
“Prezidentin çıxışında xüsusi yer tutan məsələlərdən biri də III MDB Oyunları oldu. Bu oyunlar 28 sentyabrdan 8 oktyabra qədər qədim Gəncə şəhərində və Azərbaycanın daha altı şəhərində keçirildi. Tədbirdə 13 ölkədən 1600-dən çox idmançı iştirak etdi. Bu, həm MDB ölkələri arasında dostluğun möhkəmlənməsinə, həm də Azərbaycanın idman sahəsindəki yüksək səviyyəsini göstərməyə xidmət etdi. Dövlət başçımızın vurğuladığı kimi, belə tədbirlər xalqlar arasında qarşılıqlı hörmət və əməkdaşlığı daha da artırır”.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Düşənbədəki çıxışı dostluq, mədəniyyət və birgə inkişafa çağırış idi. Bu çıxış bir daha sübut etdi ki, Azərbaycan regionda sabitlik, əməkdaşlıq və qarşılıqlı hörmətin tərəfdarıdır. Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz MDB məkanında da öz müsbət rolunu və nüfuzunu davamlı şəkildə artırır.