
Hər bir xalqın həyatında elə günlər var ki, onlar sadəcə tarixdə qalmır, xalqın qan yaddaşına, milli ruhuna həkk olunur. 20 sentyabr da Azərbaycan xalqı üçün məhz belə günlərdəndir. Bu gün bizə təkcə bir tarixi hadisəni xatırlatmır, o gün bizə azadlıq nə deməkdir, dövlət olmaq nə deməkdir, öz torpağının və sərvətlərinin sahibi olmaq nə deməkdir onu xatırladır.
1991-ci ilin 20 sentyabrında Azərbaycan Respublikasının Dövlət Suverenliyi haqqında Bəyannamənin qəbul edilməsi xalqımızın əsrlər boyu çəkdiyi mübarizələrin sanki yekun xülasəsi idi. Bu sənəd bir millətin səbrinin, inamının, iradəsinin təntənəsi idi.
O dövr çətin idi siyasi gərginlik, iqtisadi çətinliklər, xarici təzyiqlər. Amma xalqımız öz iradəsini ortaya qoydu. “Biz azad olmaq istəyirik!” deyə ayağa qalxdı. Bu bəyannamə o ayağa qalxmanın rəsmi ifadəsi oldu.
Suverenlik – sadəcə sərhəd xətləri, qanunlar, sənədlər deyil. Suverenlik – şəhidlərin qanı ilə qorunan torpaqlar, üçrəngli bayrağın dalğalanması, milli dilimizin müqəddəsliyi, ana laylası, Vətən torpağının qoxusu deməkdir.
Bu yolda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onlar bizə yalnız torpaq yox, həm də azad nəfəs alma haqqı bəxş etdilər. Hər dəfə bayrağımız dalğalananda biz onların xatirəsini yad edirik.
Bu günkü gənclik üçün 20 sentyabr keçmişdə baş vermiş sadə bir tarix olmamalıdır. Əksinə, bu gün hər birimizin qarşısında böyük məsuliyyət qoyur bu müstəqilliyi qorumaq, onu daha da möhkəmləndirmək. Gələcək nəsillər bu günkü zəhmətimiz, birliyimiz sayəsində güclü, müstəqil, qüdrətli Azərbaycanda yaşayacaq.
Dövlətin suverenliyi yalnız ordunun gücü ilə deyil, həm də xalqın birliyi ilə qorunur. Bu gün hər bir azərbaycanlı istər Bakıda, istər Şuşada, istərsə də dünyanın hansısa uzaq ölkəsində olsun öz dövlətinə dayaqdır. Bu birlik, bu sevgi Azərbaycanın gələcəyini təmin edən ən böyük qüvvədir.
20 sentyabr, Azərbaycan xalqının qürur günü, milli yaddaşın təqvimdə işıqlı səhifəsidir. Bu gün bizi bir amal ətrafında birləşdirir: müstəqil dövlətimizi qorumaq və gələcəyə daha da güclü şəkildə daşımaq.
Suverenliyin əsas dayağı xalqın birliyidir. Azərbaycan xalqı dəfələrlə sübut edib ki, dövlətçilik naminə sıx birləşəndə heç bir qüvvə onu yolundan döndərə bilməz. Bu gün də hər bir vətəndaş istər gənc, istər yaşlı bu birliyin qorunmasına öz töhfəsini verməlidir.
Bu gün gəlin bir daha bir olaq, müstəqilliyimizi qoruyaq və onu daha parlaq sabahlara daşıyaq.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi