Elm və Təhsil

Pedaqoji Universitetin kollektivi Ümummilli Liderin xatirəsini yad edib

Dekabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndərin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib. Universitet kollektivi tədbirdən öncə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı üzərinə əklil qoyub.

ƏsasXəbər AZƏRTAC-a istinadən xəbər verir ki, dəyirmi masa Ümummilli Liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra Ulu Öndərin özünün səsləndirdiyi Səməd Vurğunun “Azərbaycan” şeiri ekranda nümayiş etdirilib, ardınca Heydər Əliyevin dəfn mərasimini əks etdirən videoçarx təqdim olunub.

Tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov Ümummilli Liderin ən görkəmli siyasi və dövlət xadimlərindən, nadir şəxsiyyətlərdən biri olduğunu qeyd edib. Vurğulayıb ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev artıq bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul olunur. “Bu gün Ulu Öndərin ən böyük arzusu reallığa çevrilib: müstəqil Azərbaycan Respublikası postsovet məkanında öz ərazi bütövlüyünü silah gücünə, hərbi-siyasi yolla bərpa edə bilən ilk və yeganə ölkə olub. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf edən, dünya birliyində xüsusi yeri olan ləyaqətli bir dövlət kimi tanınır. Bugünkü Azərbaycan məhz Heydər Əliyevin görmək istədiyi müstəqil, müasir və qüdrətli Azərbaycandır. Buna görə də bu gün Ulu Öndərin ruhu şaddır”, – deyə rektor bildirib.

Ulu Öndər haqqında sənədli film nümayişindən sonra “SABAH” qruplarının III kurs tələbəsi, ADPU Təhsil Könüllüləri İctimai Birliyinin sədri Nərgiz Quluzadə Heydər Əliyevin gənclərlə bağlı yürütdüyü uzaqgörən siyasətdən, gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin olunmasına yönəlmiş tədbirlərdən bəhs edib.

Dəyirmi masada Tarix və coğrafiya fakültəsinin tələbələri Nərmin Ələsgərova, Röya Qurbanova və Eltun Kərimov Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poemasından parçalar və Xəlil Rza Ulutürkün “Dədə Heydər – Atatürk” şeirini səsləndiriblər.

Oxşar Xəbərlər

Back to top button