GündəmSiyasət

Azərbaycan diplomatiyası Asiyada strateji tərəfdaşlığa yol açır

Azərbaycan diplomatiyasının incə və ardıcıl addımları 7 may 2025-ci ildə növbəti bariz nəticəsini verdi. Vyetnam Sosialist Respublikasının Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycanda rəsmi səfərdə oldu. Bu səfər sadəcə iki ölkə arasında münasibətlərin protokol çərçivəsində yoxlanılması deyildi – bu, dostluğun səmimi təzahürü, siyasi iradənin konkret ifadəsi və əməkdaşlığın gələcək istiqamətlərinin cızıldığı mühüm bir an idi. Prezident İlham Əliyev görüş zamanı verdiyi bəyanatla bu səfərin mahiyyətini qısa və qəti şəkildə ortaya qoydu: Azərbaycan–Vyetnam münasibətləri artıq yeni mərhələyə qədəm qoyur. Dövlət başçısının çıxışında hiss olunan səmimiyyət və qətiyyət bir daha göstərdi ki, Bakı ilə Hanoy arasında coğrafi məsafə heç vaxt siyasi yaxınlığa mane olmayıb. Əksinə, xalqlarımızın oxşar tarixi, müstəqillik uğrunda apardığı mübarizə, beynəlxalq ədalətə və balanslı siyasətə verdiyi önəm bu iki ölkəni bir-birinə daha da yaxınlaşdırıb. Prezidentin sözlərindən belə bir mesaj aydın şəkildə duyulurdu: Azərbaycan öz qapılarını təkcə Qərbə və regiona deyil, uzaq Asiya ölkələrinə də açmağa davam edir. Energetika, kənd təsərrüfatı, nəqliyyat, təhsil – bütün bu sahələr qarşılıqlı marağın mərkəzində idi. Bu, sadəcə iqtisadi fayda axtarışı deyil, uzunmüddətli strateji tərəfdaşlığın qurulması təşəbbüsüdür. Xüsusilə qeyd olunmalıdır ki, mədəniyyət və təhsil sahəsindəki əməkdaşlıq Prezident Əliyevin vurğuladığı əsas mövzulardan biri oldu. Çünki bu əlaqələr diplomatiyanın ən dərin qatını – xalqların bir-birini anlamasını və yaxınlaşmasını təmin edir. “İnsanlar arasında əlaqə olmadan dövlətlər arasında dostluq dayanıqlı ola bilməz,” fikri bu siyasətin təməlində dayanır. To Lamın Bakıya səfəri sübut etdi ki, Azərbaycan təkcə regionun deyil, həm də beynəlxalq münasibətlər sisteminin fəal və dəyərli oyunçusudur. Oyunçu yox, tərəfdaş. Çünki Azərbaycan diplomatiyası indi daha çox danışmaq yox, dinləmək və əlaqə qurmaq mərhələsindədir – bu isə müasir dünyada az-az ölkəyə nəsib olan bir məziyyətdir. Səfərin sonunda imzalanan sənədlər, verilən bəyanatlar bir yana – bu görüşün əsas mənası Bakının diplomatik xəritədə nə qədər çevik, çoxvektorlu və dərin düşünülmüş mövqe tutduğunu göstərmək idi. Və bu mesaj yerinə çatdı.

Orxan Abdullazadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button