
Azərbaycan xalqının tarixi keçmişi, mədəni irsi və milli mənsubiyyəti əsrlərlə formalaşmış, müxtəlif mərhələlərdən keçmişdir. Bu milli varlığın qorunmasında və gələcək nəsillərə ötürülməsində isə ana dilinin rolu əvəzsiz olmuşdur. Hər bir xalqın dili onun kimliyinin, düşüncə tərzinin və milli ruhunun əsas daşıyıcısıdır. Azərbaycan xalqı da bu mənada zəngin və qədim bir dilə – Azərbaycan dilinə sahibdir. Bu dil əsrlərlə poeziya, elm, dövlətçilik və mədəniyyət dili kimi inkişaf etmiş, xalqın yaddaşında özünəməxsus yer tutmuşdur. Lakin XX əsrin müxtəlif dövrlərində, xüsusilə sovet rejimi dövründə Azərbaycan dilinin hüquqi statusu və tətbiq dairəsi müxtəlif səbəblərdən məhdudlaşdırılmış, rus dilinə üstünlük verilməsi siyasəti aparılmışdır. Belə bir tarixi mərhələdə, Azərbaycan xalqının milli varlığını qorumaq və inkişaf etdirmək üçün mühüm və cəsarətli addımlar atılmalı idi. Bu addımların ən əhəmiyyətlisi isə 27 aprel 1978-ci ildə Azərbaycan SSR-in yeni Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması oldu. Bu tarixi qərar birbaşa Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə həyata keçirildi. Sovet İttifaqında milli respublikaların dilləri uzun illər ərzində arxa plana keçirilmiş, rus dili vahid “ümumi ittifaq dili” kimi təqdim edilmişdi. 1970-ci illər SSRİ-də ruslaşdırma siyasətinin daha da gücləndiyi dövr idi. Bu siyasət milli dillərin məktəblərdə, rəsmi dairələrdə və ictimai həyatın müxtəlif sahələrində istifadəsini ciddi şəkildə məhdudlaşdırırdı. Belə bir şəraitdə milli dilin hüquqi müstəviyə çıxarılması, dövlət dili statusu alması olduqca çətin və təhlükəli sayılırdı. Məhz bu çətin dövrdə Azərbaycan SSR-in rəhbəri olan Heydər Əliyev millətin kimliyini qorumaq üçün ciddi addımlar atdı. O, anlayırdı ki, milli dövlətçiliyin təməli xalqın dilində, onun mənəvi sərvətlərində və tarixində gizlidir. Ona görə də bu istiqamətdə apardığı siyasətin mərkəzində Azərbaycan dilinin qorunması və inkişafı dayanırdı.
1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul olunduqdan sonra bütün müttəfiq respublikalar bu Konstitusiyaya uyğun özlərinin yeni əsas qanun layihələrini hazırlamağa başladılar. Bu dövrdə Azərbaycan SSR-in yeni Konstitusiyası üzərində də iş gedirdi. Lakin layihənin ilkin variantlarında Azərbaycan dili ilə bağlı konkret müddəa yer almırdı. Bu isə həm milli maraqlara, həm də xalqın istəklərinə zidd idi. Heydər Əliyev bu məqamda prinsipial mövqe sərgilədi. O, şəxsən bu məsələnin üzərində dayandı və Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunmasına nail oldu. 1978-ci il aprelin 21-də qəbul edilən və 27 aprel tarixində qüvvəyə minən yeni Konstitusiyanın 73-cü maddəsində qeyd olundu: Bu cümlə sadə görünsə də, arxasında böyük siyasi iradə, xalq sevgisi və tarixi məsuliyyət dayanırdı. Ulu Öndər bu addımı ilə milli dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində əsl dönüş nöqtəsi yaratdı. Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması yalnız bir hüquqi akt deyildi. Bu, real həyatda da dilin tətbiq dairəsini genişləndirməyə imkan verdi. Heydər Əliyevin rəhbərliyi ilə: Bütün bu addımlar xalqın dilə olan inamını və sevgisini daha da artırdı. Azərbaycan dili yenidən cəmiyyətin bütün sahələrində aparıcı mövqeyə yüksəldi. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra da dil siyasətinə xüsusi önəm verdi. 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın Konstitusiyasında Azərbaycan dili yenidən dövlət dili kimi təsdiq olundu. Bu, bir daha sübut etdi ki, Heydər Əliyevin milli dilə olan münasibəti və siyasəti dəyişməz və davamlı idi. Onun təşəbbüsü ilə 2001-ci ildə Azərbaycan dilinin inkişafına dair xüsusi sərəncam imzalandı, 1 avqust tarixi isə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan olundu.
Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması, Heydər Əliyev tərəfindən atılmış ən mühüm strateji addımlardan biridir. Bu, sadəcə hüquqi bir qərar deyil, milli qürur, dilə və kimliyə ehtiramın simvoludur. Bu tarixi təşəbbüs nəticəsində bu gün Azərbaycan dili müstəqil dövlətimizin rəsmi dili, beynəlxalq aləmdə tanınan və tədris olunan bir dilə çevrilmişdir. Heydər Əliyevin dil siyasəti bu gün də öz aktuallığını qoruyur və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin əsasında bir fikir dayanır: Dil millətin ruhudur, varlığıdır, tarixidir və gələcəyidir.
Günel Əbdürəhmanova
Yeni Azərbaycan Partiyası, məsləhətçi