AnalitikaGündəmSiyasət

Azərbaycan-Gürcüstan münasibətləri uğurla inkişaf edir

16 aprel 2025-ci il tarixində Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri zamanı Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat iki ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşdiyini bir daha təsdiqlədi. Bu bəyanat təkcə ikitərəfli münasibətlər baxımından deyil, bütövlükdə Cənubi Qafqazda və Avrasiya regionunda formalaşan yeni geosiyasi düzən kontekstində mühüm əhəmiyyət daşıyır.

Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər əsrlər boyu davam edən mehriban qonşuluq, etimad və qarşılıqlı dəstək prinsiplərinə əsaslanır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu münasibətlər bu gün yüksək səviyyəli siyasi dialoq, iqtisadi əməkdaşlıq və beynəlxalq platformalarda bir-birinə verilən dəstək fonunda yüksələn xətlə inkişaf edir. Hər iki ölkə bölgənin sabitlik sütunları hesab olunur.

Azərbaycan və Gürcüstanın həyata keçirdiyi ortaq enerji və nəqliyyat layihələri regionun geoiqtisadi xəritəsini yenidən formalaşdırmaqdadır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr təkcə iki ölkənin maraqlarını deyil, həm də Avropanın enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat marşrutlarının şaxələndirilməsi siyasətini dəstəkləyir.

Gürcüstan Prezidentinin ilk xarici səfərini də məhz Azərbaycana etməsi iki ölkə arasında yaranmış strateji əlaqələrin güclü olduğunu təsdiqlədi. Prezident İlham Əliyev mətbuata bəyanatında bu məqama xüsusi toxunaraq vurğuladı ki, bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.

Gürcüstan və Azərbaycan Avropa ilə Asiyanı birləşdirən tranzit dəhlizləri kimi mühüm rol oynayır. Nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolu və avtomobil yollarının inkişafı hər iki ölkə üçün prioritet məsələdir. “Yeni İpək Yolu” layihəsi və “Bir kəmər, bir yol” təşəbbüsü bu sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün əlavə imkanlar yaradır.

Hər iki ölkə Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin qorunmasında maraqlıdır. Onlar regional təşkilatlar və platformalar çərçivəsində əməkdaşlıq edirlər. Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Azərbaycan da ardıcıl olaraq Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Gürcüstan Prezidentinin qeyd etdiyi kimi, ölkələrimiz arasında mövcud olan xüsusi, çoxəsrlik dostluq və ümumi düşünülmüş siyasət bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib.

Bu da bizim ümumi gələcəyimizə uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir. Gürcüstan Prezidenti maraqlı və vacib bir məqama toxunaraq bəyan etdi ki, sülh, tam təhlükəsiz şəraitdə xalqlarımız dırnaqarası liberal dəyərlərlə yox, öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər və Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım oldu. Bu, hər iki tərəfin qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və regionda sabitliyin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirdi. Dost ölkə Prezidentinin səfərinin Gürcüstanla Azərbaycan arasında münasibətlərin inkişafına yeni təkan verəcəyi gözlənilir. Hər iki ölkə strateji tərəfdaşlığı gücləndirməkdə və ümumi məqsədlərə nail olmaq üçün birgə işləməkdə qərarlıdır.

Bütövlükdə, Gürcüstanla Azərbaycan arasındakı münasibətlər regionda strateji tərəfdaşlıq modelidir. Onlar qarşılıqlı hörmətə, ümumi maraqlara, regional sabitlik və rifah istəyinə əsaslanır. Mütəmadi olaraq keçirilən yüksək səviyyəli görüşlər, sazişlərin imzalanması və birgə layihələrin həyata keçirilməsi bu əlaqələrin daha da dərinləşməsinə və genişlənməsinə xidmət edir.

Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button