AnalitikaGündəmSiyasət

Azərbaycan-Gürcüstan münasibətləri hər zaman dostluq və etibarlı tərəfdaşlığa söykənib

Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir. Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək. Mən bir daha cənab Prezidentə təşəkkürümü bildirirəm. Əminəm ki, Azərbaycan xalqı da onun qərarını yüksək qiymətləndirəcək. Çünki adətən seçkilərdən sonra birinci səfər rəmzi xarakter daşıyır və bu səfər Azərbaycana edilib. Eyni zamanda, Gürcüstanın Baş naziri də seçkilərdən sonra ilk rəsmi səfərini Azərbaycana edib. Yəni, bu, artıq gözəl ənənəyə çevrilib. Buna görə bir daha Sizə təşəkkürümü bildirirəm və fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Gürcüstanla Azərbaycan arasında strateji və xüsusi mehriban qonşuluq münasibətləri vurğulanır. Bu vəzifəyə seçildikdən sonra tezliklə Azərbaycana səfər etmək mənim üçün vacib idi. Əsrlər boyu xalqlarımız arasında bənzərsiz dostluq inkişaf edərək əməkdaşlığın gələcəkdə daha da möhkəmlənməsi üçün etibarlı zəmin yaradıb. Milli özünəməxsusluğu qoruyub saxlamaq, adət-ənənələrə, mədəniyyətə, tariximizə hörmət xalqlarımızın xüsusi diqqət yetirdiyi təməl prinsiplərdir. Biz bir sıra ümumi, qarşılıqlı faydalı layihələr həyata keçiririk ki, bu da bütün dünya üçün regionumuzu daha da cəlbedici edir. Cənubi Qafqaz regionunun daha da rəqabətədavamlı, etibarlı və perspektivli olması üçün davamlı sülhün və sabitliyin təmin edilməsi vacibdir. Ölkələrimiz arasında mövcud olan xüsusi, çoxəsrlik dostluq və ümumi düşünülmüş siyasət bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib. Əminəm, bizim ümumi gələcəyimizə uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir ki, burada xalqlarımız öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər, dırnaqarası liberal dəyərlərlə yox. Düzgün və ardıcıl siyasətlə biz regionun potensialından tam istifadə etməli, dünyanın geosiyasi xəritəsində güclü, etibarlı, birləşdirici körpü funksiyasını yerinə yetirməliyik. Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bir-birimizin maraqlarını nəzərə alaraq əlaqələrimiz daha da sürətlə inkişaf edəcək. Hörmətli həmkarım, cənab Prezident, səmimi qonaqpərvərliyinizə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, yaxın gələcəkdə Sizi Gürcüstanda qəbul etmək şərəfinə nail olacağam.

Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button