AnalitikaGündəmSiyasət

Azərbaycan yeni dünya nizamında əsas söz sahibi olan dövlətlərdən birinə çevrilib

2025-ci il aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda Prezident İlham Əliyevin vurğuladığı əsas məqamlar, xüsusilə Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti ilə bağlı fikirlər, müasir beynəlxalq münasibətlər sistemində ölkəmizin tutduğu mövqenin və oynadığı rolun mahiyyətini dərinliklə açır. Azərbaycan Respublikasının təkcə coğrafi yerləşməsi deyil, həm də tarixi, siyasi və iqtisadi inkişaf trayektoriyası onun regional və qlobal miqyasda əvəzolunmaz bir körpü funksiyasını yerinə yetirməsinə imkan yaradır.

Prezidentin “Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər” ifadəsi təsadüfi deyil. Bu fikir Azərbaycanın yerləşdiyi unikal coğrafi mövqeyin – Qərblə Şərqin, Şimalla Cənubun kəsişməsində yerləşən mühüm geostrateji məkanda qərar tutmasının təsdiqidir. Azərbaycan bir tərəfdən Avropa, digər tərəfdən isə Asiya ilə birbaşa bağlıdır. Ölkəmizin Xəzər dənizinin qərb sahilində, Cənubi Qafqazda yerləşməsi onu təkcə regionun deyil, həm də Avrasiya qitəsinin əsas tranzit və kommunikasiya mərkəzinə çevirir.

Azərbaycan xalqı əsrlər boyu Şərqlə Qərb arasında mədəni, iqtisadi və siyasi mübadilələrin mərkəzində olmuşdur. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan həm Şərq, həm də Qərb coğrafiyasının bir hissəsi olaraq formalaşmışdır və bu, onun dövlətçilik təcrübəsində, diplomatik strategiyasında və cəmiyyətin dəyərlər sistemində öz əksini tapmışdır. Bu amil ölkəmizin beynəlxalq siyasətdə etibarlı tərəfdaş kimi tanınmasında mühüm rol oynayır.

Azərbaycanın Şərqlə Qərb arasında “körpü” funksiyası yalnız coğrafi mövqeyə deyil, həm də tarixi-mədəni bağlara, müasir dövrdə isə siyasi iradəyə və diplomatik bacarıqlara əsaslanır. Ölkəmiz Avropa ilə Asiya arasında enerji, nəqliyyat və iqtisadi əməkdaşlıq sahələrində unikal platforma yaratmışdır.

Prezident İlham Əliyev çıxışında Avropa ölkələri ilə imzalanmış strateji tərəfdaşlıq Bəyannamələrini vurğulayaraq Azərbaycanın uzunmüddətli əməkdaşlıq üçün artıq möhkəm siyasi platforma yaratdığını bildirdi. Bu sənədlər Azərbaycanın beynəlxalq arenadakı rolunun formal deyil, məzmunlu və qarşılıqlı faydaya əsaslanan xarakter daşıdığını göstərir. Avropa İttifaqı və ABŞ kimi qlobal aktorların Mərkəzi Asiya ilə əlaqələr qurmaq üçün Azərbaycandan keçən dəhlizlərə və əməkdaşlıq mexanizmlərinə maraq göstərməsi, ölkəmizin qlobal siyasətdə artan çəkisinin sübutudur.

Prezidentin forum çərçivəsində xüsusilə vurğuladığı məsələlərdən biri də Azərbaycanın nəqliyyat infrastrukturuna etdiyi böyük sərmayələr və bunun nəticəsində ölkənin beynəlxalq yükdaşıma marşrutlarında oynadığı roldur. Xəzər dənizi üzərindən keçən Orta Dəhliz çərçivəsində Azərbaycan mühüm tranzit ölkəyə çevrilmişdir. Ələt Beynəlxalq Dəniz Limanı, gəmiqayırma zavodu, dəmir yolları və digər logistik mərkəzlər Azərbaycanın nəqliyyat sahəsindəki potensialını real gücə çevirən əsas vasitələrdir.

Azərbaycan ərazisindən keçən yüklərin həcminin ildən-ilə artması, bu infrastrukturun nə dərəcədə səmərəli işlədiyinin göstəricisidir. Bu amil, həmçinin Azərbaycanın öz ərazisindən keçən kommunikasiya xətlərinə nəzarət etməklə regional sabitlik və əməkdaşlıq proseslərinə necə töhfə verdiyini ortaya qoyur.

Prezident çıxışı zamanı Azərbaycanın Qafqazda təcrid olunmasına çalışan qüvvələrə də toxundu. O, bəyan etdi ki, bu cəhdlər uğursuz olacaq, çünki Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında yalnız coğrafi deyil, həm də siyasi, iqtisadi və mədəni bağlar vardır. Bu qarşılıqlı əlaqələr ölkələrimiz arasında unikal bir ab-hava formalaşdırmış və uzunmüddətli əməkdaşlıq üçün güclü təməl yaratmışdır. Belə bir vəziyyətdə hər hansı təcridetmə siyasəti nə realdır, nə də praktik nəticə verə bilər.

Prezident İlham Əliyevin vurğuladığı məqamlar bir daha sübut edir ki, Azərbaycan nəinki öz regionunda, həm də Avrasiya miqyasında geosiyasi və geoiqtisadi baxımdan əvəzolunmaz mövqedədir. Coğrafiyanın yaratdığı üstünlüklər, siyasi iradə və strateji baxışla birləşərək ölkəmizi gələcəkdə qlobal proseslərin mərkəzlərindən birinə çevirə bilər. Yeni dünya nizamının formalaşdığı bir dövrdə, Azərbaycanın bu prosesdə aktiv və təşəbbüskar iştirakı onun beynəlxalq nüfuzunu daha da gücləndirəcək.

Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button