
Azərbaycan Prezidenti İlham Əliyev cari ilin aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxış edib. Artıq ənənəvi olaraq keçirilən bu forumların mövzularına diqqət yetirsək dövrün çağırışlarını özündə ehtiva etdiyini aydın şəkildə görərik. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti müxtəlif dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin yüksək səviyyədə qurulmasını və yeni istiqamətlər üzrə inkişaf etdirilməsini şərtləndirir.
Prezident İlham Əliyevin forumlardakı çıxışları Azərbaycan reallıqlarının, həmçinin regionda və dünyada baş verən dəyişikliklərin, ədalətə, beynəlxalq hüquqa, əməkdaşlığa çağırışların təqdimatında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev sözügedən forumdakı çıxışında da vurğuladı ki, Azərbaycan türkdilli aləmə, Türk dünyasına aid olan dövlətlər arasında əməkdaşlığa hər zaman öz dəstəyini verib. Bizi tarix, etnik köklər birləşdirir. Dillərimiz arasında oxşarlıqlar var, mədəniyyətlərimiz, adət-ənənələrimiz kifayət qədər oxşardır. İstərdik ki, Türk Dövlətləri Təşkilatı daha güclü olsun və nəticələrə köklənsin. Bu baxımdan Azərbaycan hər zaman əlindən gələni edib. O ki qaldı, üzv dövlətlər arasında qarşılıqlı əlaqələrə, bizim aramızda çox yaxşı mühit var. Dünya türk dövlətlərinin birliyini, həmrəyliyini hazırda işğaldan azad edilmiş ərazilərimizin bərpasında görür. Azərbaycan, həmçinin Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına nail oldu. Bu da qarşıya qoyulan vəzifələrin icrası idi.
Prezident İlham Əliyevin Forumdakı çıxışında qeyd etdiyi kimi, COVID-i idarə etmək, COP-a ev sahibliyi etmək, bütün bunlar onu göstərir ki, gündəliyimiz aydındır. Azərbaycan səylərimizə olan müsbət reaksiyanı bir çox Afrika dövlətlərindən də gördü. Bu fakt da xüsusi vurğulandı ki, COVID zamanı Azərbaycan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım çatdırdı. O ölkələrin əksəriyyəti Afrika qitəsində yerləşən ölkələr idi. Bəşəriyyət son dərəcə narahat bir dönəmdən keçir. Qloballaşma, iqlim dəyişmələri, coğrafiyası genişlənən müharibələr, yeni sənaye inqilabı, süni intellekt erasına keçid, digər müxtəlif istiqamətli transformasiyalar dünya üçün yeni çağırışlar yaradır. Bu çağırışlar fonunda qlobal və milli gündəliklər uzlaşdırılmalı, necə deyərlər, qızıl orta müəyyənləşdirilməli, təcrübə mübadiləsi aparılmalıdır. Burada yüksək səviyyəli analitiklərin çalışdıqları beyin mərkəzlərinin rolu önə çıxır. Prezident İlham Əliyev Forumda qlobal aktual problemlər, yeni dünya nizamı, Cənubi Qafqaz regionunda vəziyyət, postmünaqişə dövründə baş verən proseslər və digər aktual məsələlərlə bağlı dərinməzmunlu, düşündürücü və praqmatik yanaşma ortaya qoyub. Cənubi Qafqazda vəziyyətə gəlincə, dövlət başçısının dediyi kimi, Ermənistanın yeni dostları onu yeni, ölümcül silahlarla təmin edirlər. Bu isə regionda heç də sülhə və sabitliyə xidmət etmir. Bunun yalnız yeni gərginlik ocaqlarının yaranmasına xidmət edəcəyini vurğulayan Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bu gün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur. Müharibədən sonrakı vəziyyət isə əsasən Ermənistandan asılıdır. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib, Qarabağda erməni separatizminin kökünü kəsib. Ancaq nəzərə alaq ki, sülh sazişi imzalanmayıb. Ona görə də, dövlətimiz potensial təhlükələri nəzərə alaraq özünü müdafiə etməyə və Ermənistanın təxribatlarına cavab verməyə hər an hazır olmalıyıq.Cəbhədə baş verən son təxribatlar göstərir ki, Ermənistan tərəfi dildə və əməldə fərqli mövqelər sərgiləyir. Prezident İlham Əliyevin aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub. Qonşu ölkənin imedinews.ge, interpressnews.ge, 24news.ge, aktual.ge, qafqazturk.com informasiya portalları, 1tv.ge televiziya kanalında Azərbaycan Prezidentinin çıxışından xəbərlər yayıblar.Materiallarda dövlətimizin başçısının Avropa Komissiyasının Gürcüstanın daxili prosesinə münasibətinin tamamilə qəbuledilməz olması barədə fikirləri qeyd edilir və bildirilir ki, bu, müstəmləkəçilərin davranışıdır. Gürcüstan dövlətinin daxili işlərini Brüsseldən olan bürokratlar yox, gürcü xalqı həll etməlidir.
Eyni zamanda, mətbuatda Prezident İlham Əliyevin Azərbaycanın Gürcüstanın yanında olması, USAID-in Azərbaycandakı qanunsuz fəaliyyəti, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Özbəkistanda keçirilən sammitdə Orta Dəhliz, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədlərinin açılması barədə ədalətsiz fikirləri, Azərbaycanın və Gürcüstanın Avropa institutları ilə mehriban qonşuluq münasibətləri istəməsi, Gürcüstanın Baş nazirinin seçkilərdən sonra ilk dəfə Azərbaycana səfərinin əhəmiyyəti, Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin Azərbaycana gözlənilən səfərindən gözləntilər, Azərbaycan və gürcü xalqları arasındakı tarixi bağlantılar, Cənubi Qafqaz regionunun strateji baxımdan əhəmiyyətli bölgəyə çevrilməsi barədə tarixi fikirlərinə geniş yer verilib.
Həsən Xələfov,
Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin Tarix müəllimi