
Martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.XII Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin tədbir iştirakçılarını salamladı, Forumda aparılan müzakirələrin xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Sonra çıxış üçün sözü Prezident İlham Əliyevə verdi.Dövlətimizin başçısı açılış mərasimində çıxış etdi. Prezident İlham Əliyevin çıxışı: Mən bütün qonaqlarımızı illik Qlobal Bakı Forumunda salamlayıram. Əvvəlcə, mən bizimlə olduğunuza görə sizə təşəkkürümü bildirirəm. Mən, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edirəm ki, bu illər ərzində çox əla işlər görmüşdür və belə bir mühüm beynəlxalq tədbiri təşkil edir. Bu gün söyləmək istərdim ki, biz Mərkəzin bütün üzvlərinə, onun İdarə Heyətinə, həmsədrləri – xanım Vayra Vike Freyberqaya, cənab İsmayıl Serageldinə Mərkəzin həqiqətən böyük transformasiyasına verdikləri töhfəyə və dünya miqyaslı fəaliyyətinə görə minnətdarıq. Mən, həmçinin söyləmək istəyirəm ki, biz Beynəlxalq Mərkəzin üzvlərinin Azərbaycanda ötən ilin noyabrında keçirilmiş COP29 tədbirində fəal iştirakını görməkdən çox məmnun olduq. Mərkəzin bəzi üzvləri Məşvərət Komitəsində iştirak edirdilər. Mərkəz 16 panel müzakirəsi keçirdi. Əslində, onlara ev sahibliyi etdi, onları təşkil etdi və öz pavilyonu ilə daha çox panel müzakirələrdə iştirak etdi. Bir sözlə, həqiqətən, bu, COP29-un uğuruna böyük töhfə idi. Bu, ötən il Azərbaycanda əsas beynəlxalq tədbir idi. Bu gün artıq qərara alınıb ki, gələn illərdə Azərbaycanın bərpaolunan enerji imkanları faydalı qazıntıdan olan enerji istehsalına demək olar ki, bərabər olacaq. Bu gün Azərbaycanda yaradılmış enerji istehsalı imkanları 8 giqavatdır. 2030-cu ilə qədər bizim bərpaolunan enerjidən, əsasən günəş və küləkdən, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərdəki hidroresurslardan əlavə 6.5 giqavatlıq enerji güclərimiz olacaq. Bunun sayəsində biz nəinki neft və qazı, o cümlədən yaşıl enerjini də ixrac edə biləcəyik. Bu rəqəmlər tamamilə realdır. Bir daha qeyd etmək istəyirəm ki, ölkə enerji təchizatı baxımından qıtlıqla üzləşmir. Əksinə, bu gün Azərbaycan ondan artıq ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Onların 12-si Azərbaycandan təbii qaz alır. Bu 12 ölkədən 10-u Avropa ölkəsidir. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, bu gün Azərbaycandan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və əslində, onun möhkəmləndirilməsində həqiqətən böyük dəyişiklik yaradır. Buna yaşıl enerji mənbələrimizi, o cümlədən Azərbaycandan Avropaya gedən, qismən Qara dənizin dibi ilə çəkilən yeni enerji kabelini əlavə etsək, bu, məsuliyyətimizin digər təzahürü və bir çox ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimizin nümayişidir. Deməliyəm, əfsuslar olsun ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərb medialarında kampaniya ilə müşayiət olundu. Prezident Tramp onları yalan, saxta xəbər adlandırır və onunla tam razıyam. Bu, Azərbaycanı gözdən salmaq, bizi qaralamaq, şayiələr və müxtəlif dezinformasiya yaymaq kampaniyası idi. Bizi ittiham edirdilər ki, neft və qaz hasil edən ölkəyik. Lakin bizdən əvvəl bir sıra ölkələr, o cümlədən Avropada nefti və qazı olan ölkələr var idi. Lakin dırnaqarası media tərəfindən buna məhəl qoyulmaması normal bir hal kimi qəbul olunmuşdur. Azərbaycanın neft hasilatı, məsələn, Kanadanın hasilatından on dəfə azdır. Bizim qlobal qaz emissiyalarında payımız cəmi 0,1 faizdir. Biz isə qlobal qaz emissiyalarına ən böyük töhfə verənləri bilirik. Amma bununla belə, dövri əsaslarla bəzən gün ərzində ondan artıq məqalə Azərbaycanın bir neft dövləti kimi təsvir edilməsinə yönəlirdi. Yəni deyirdilər, bir ölkə kimi biz qlobal, beynəlxalq tədbirin keçirilməsinə layiq deyilik. Bütün bunlar bir neçə mərkəzdən, əslində, ikisindən qaynaqlanırdı. Onlardan biri – ABŞ-ın Dövlət Departamenti idi. “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Politico”, “Newsveek” və “Assoşieyted Press” kimi yalan xəbər mənbələri, sadəcə, ABŞ Dövlət Departamentinin təlimatlarını icra edirdilər.
Mirsadıq Səməndərli,
YAP-ın gənc fəalı