
Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova ilə geniş tərkibdə görüşü olub. Görüş zamanı Azərbaycan və Şimali Makedoniya Respublikası arasında ikitərəfli münasibətlər müzakirə edilmişdir. Qeyd olunub ki, iki ölkə arasında siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahələri yüksələn xətlə inkişaf etməkdədir.
Azərbaycan Prezidenti Cənab İlham Əliyev Şimali Makedoniya dövlət başçısının Azərbaycana ikinci dəfə səfər etməsini ikitərəfli münasibətlərin inkişafında müsbət hal kimi qiymətləndirmiş, bu münasibətlərin daha da inkişaf etməsi üçün hər iki dövlətin müvafiq qurumlarının sıx təmasda olmalı olduqlarını xüsusi vurğulamışdır. Bundan əlavə, Prezident İlham Əliyev iki dövlət arasında ticari-iqtisadi əməkdaşlığın zəif olduğunu təəssüflə nəzərə çatdırmış, bu görüşün yaranmış boşluqları dolduracağını əminliklə qeyd etmişdir. Son ayların müsbət əlaməti ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Belə ki, Azərbaycan qazı artıq keçən ilin sonlarından başlayaraq Şimali Makedoniya bazarına ixrac edilməyə başlamışdır. Bu ildən isə müntəzəm olaraq Azərbaycan Şimali Makedoniya bazarını təbii qazla təmin edəcəkdir. Cənab Prezident Azərbaycanda yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparıldığını və dövlətimizin 10-u Avropa ölkəsi olmaqla 12 ölkəyə təbii qaz ixrac etdiyini xüsusi vurğulamışdır. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təmin etmişdir.
Azərbaycan və Şimali Makedoniya arasındakı münasibətlər hər iki ölkənin strateji maraqlarına uyğun inkişaf edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, siyasi, iqtisadi və enerji sahəsində əməkdaşlığın dərinləşməsi bu münasibətləri daha da möhkəmləndirəcək. Humanitar əlaqələrin genişləndirilməsi isə xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanı gücləndirəcək. Bu görüş iki ölkə arasında əməkdaşlığın yeni səhifəsinin açıldığını nümayiş etdirir.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi