AnalitikaGündəm

20 yanvar hərəkatı müstəqillik uğrunda mübarizənin tərkib hissəsidir

20 yanvar Azərbaycanın qan yaddaşıdır. Sovet ordusu Azərbaycana daxil olaraq burada qətliam törətmişdilər. Bu hadisəni Azərbaycan xalqı hər il qeyd edir, şəhidlərin ruhuna hörmət əlaməti olaraq hər il 20 Yanvar faciəsi matəm günü kimi qeyd edilir. Bu hərəkat müstəqillik uğrunda mübarizənin tərkib hissəsidir və bu hadisədən sonra Azərbaycan daha qətiyyətlə müstəqilliyin əldə olunması üçün mübarizəyə başlamışdır. Belə hesab edirəm ki, bu tarix yaddaşımızda müstəqilliyin əldə olunmasının ən vacib günlərindən biri kimi qalacaqdır. 20 yanvarda həm də Azərbaycanda çox sayda insan kommunist partiyası üzvlüyündən çıxdılar. Kommunist rejminə qarşı ümumilli nifrət yarandı və bu da Azərbaycan xalqının birləşməsinə səbəb oldu.

O zamanlar bu proseslərə qiymət vermək, münasibət bildirmək həddindən artıq qorxulu məsələ idi, amma buna baxmayaraq 20 Yanvar hadisələri ilə bağlı ilk rəsmi etiraz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilmişdir. O, heç bir təhlükədən çəkinməyərək 1990-cı ilin yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi və qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edərək Azərbaycan xalqını birliyə səslədi. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşməsi, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Ümummilli Lider Heydər Əliyevin gördüyü böyük işlər, əsasını qoyduğu uğurlu siyasət Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün də ləyaqətlə davam etdirilir.

Müstəqilliyimizin əldə edilməsində 20 yanvar hadisələrinin çox önəmli rolu oldu. Hər il Şəhidlər Xiyabanında 20 yanvar günü xalqımız şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq onların məzarlarını ziyarət edirlər. Çox təəssüf ki, o vaxtlar dünya xalqları bu faciəyə SSRİ-nin tərkibində baş verən hadisə kimi baxırdı. Ona görə də Azərbaycana qarşı ədalətli yanaşma olmadı. Azərbaycan xalqı bu dərdi özü çəkdi və özü də sona qədər bu mübarizəni davam etdirdi. İndi biz bütün dünyaya öz qələbəmizdən danışmalıyıq. İşğalçılığa son qoyub öz torpaqlarımızı azad etdiyimizi bütün dünyaya tanıtmalıyıq. 20 yanvar bizim tariximizdir. Tarixi hadisə kimi biz layiqincə qiymət veririk, tanıdırırq. Gələcək nəsillərə bu tariximizi aşılayırıq.

Samiyə Abdulkərimova,
12 saylı şəhər poliklinikasının baş həkimi

Oxşar Xəbərlər

Back to top button