AnalitikaGündəmSiyasət

20 Yanvar faciəsi Azərbaycan tarixində ən qanlı və dramatik hadisələrdən biri olaraq yaddaşlarda qalır

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə Sovet Ordusu bölmələri və xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Bakı və Sumqayıt şəhərlərində, Lənkəran və Neftçalada dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı qətliam törədildi. İşğalçı qüvvələrin hərbi təcavüzü nəticəsinə 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü.

20 Yanvar hadisələri baş verən zaman Moskvada yaşayan Ümummilli Lider Heydər Əliyev ölkəmizin buradakı daimi nümayəndəliyinə gələrək kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı cəsarətlə pislədi. Bədnam M.Qorbaçovu, ümumiyyətlə, ölkəmizə hər zaman ikili münasibət bəsləyən mərkəzi hakimiyyəti ittiham edərək sovet ordusunun Azərbaycandan çıxarılmasını, qırğına siyasi qiymət verilməsini və  günahkarların cəzalandırılmasını qətiyyətlə tələb etdi. Ümummilli Lider Heydər Əliyev 20 Yanvar qırğınını törədənlərin hər birinin layiqli cəza alacağını bəyan etdi. Xalqını, millətini canından artıq sevən Ümummilli Lider Heydər Əliyev bu bəyanatla SSRİ səviyyəsində ilk dəfə olaraq 20 Yanvar faciəsinə siyasi qiymət verdi.

Qanlı 20 Yanvar hadisələrinə etiraz səsini məhz Moskvada yüksəltməsi, sovet hökumətinin Azərbaycana qarşı apardığı xəyanətkar siyasətin mahiyyətini açıqlayaraq dünya ictimaiyyətinə müraciət etməsi yüksək dairələrdə böyük təşviş yaratdı. Demək olar ki, elə həmin andan etibarən dahi şəxsiyyət, müdrik siyasətçi Ümummilli Lider Heydər Əliyevə qarşı kampaniya başladıldı, hətta həyatı belə risk altına düşdü. Buna görə də bu hadisələrdən sonra Ümummilli Lider Heydər Əliyev 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, iyulun 22-də isə doğulduğu Naxçıvana gəlmişdir. 1990-cı il 30 sentyabr seçkilərində o, Nehrəm seçki dairəsindən Azərbaycan SSR-nin xalq deputatı, Naxçıvan Alt Trikotaj Fabriki kollektivi tərəfindən isə Naxçıvan MSSR-in xalq deputatı seçilmişdir.

1990-cı ilin noyabr ayının 17-də 12-ci çağırış Naxçıvan MSSR-in Ali Məclisinin ilk sessiyası Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilmişdir. Həmin sessiyada çox mühüm qərarlar qəbul olunmuşdur. Sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək Naxçıvan Muxtar Respublikası adlandırmağı qərara almışdır. Naxçıvan MSSR Ali Sovetinin adını dəyişərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərarlar qəbul olundu. Naxçıvan Muxtar Respublikasının Аli Məclisi Azərbaycan SSR Ali Sovetinin qarşısında həmin bayrağın bütünlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı.

Naxçıvan Muxtar Respublikas Аli Məclisinin birinci sessiyasında müzakirə olunan ən mühüm məsələlərdən biri də 1990-cı il 20 yanvar faciəsinə verilən siyasi qiymət idi.1990-cı il noyabr ayının 21-də Naxçıvan MR Ali Məclisi Ümummilli Lider Heydər Əliyevin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul etdi. Bu qərar 20 Yanvar hadisələrinin Azərbaycan xalqı və dövləti üçün əhəmiyyətini bir daha dünyaya bəyan etdi və həmin dövrün siyasi vəziyyətinə hüquqi qiymət verdi.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qəbul edilən qərar 20 Yanvar hadisələrinin siyasi-hüquqi qiymətini verməklə yanaşı, Azərbaycan xalqının müstəqillik və azadlıq yolundakı mübarizəsini təntənələndirdi. Qəbul edilmiş qərar Azərbaycan xalqının bu faciə qarşısında duruşunu göstərərək 20 Yanvarı yalnız bir itki olaraq deyil, həm də müstəqillik uğrunda mübarizənin şərəfli bir simvolu kimi qeyd etdi. Bu hadisə həm Ümummilli Lider Heydər Əliyevin siyasi liderlik bacarığının, həm də xalqına və vətəninə olan sədaqətinin parlaq nümunəsidir.

20 Yanvar  faciəsi Azərbaycan tarixində ən qanlı və dramatik hadisələrdən biri olaraq yaddaşlarda qalır. Bu faciə yalnız müstəqillik uğrunda mübarizənin simvolu deyil, həm də xalqın azadlıq və suverenlik istəyinin təzahürüdür. Bu faciə yalnız Azərbaycanın deyil, bütün keçmiş Sovet respublikalarının müstəqillik və azadlıq uğrunda mübarizəsini təmsil edən bir simvola çevrildi. Sovet rejimi bu faciəni “ordunun nizam-intizamı” adı altında həyata keçirsə də dünya ictimaiyyəti bu tədbiri müstəqilliyə gedən yolda xalqın iradəsinin boğulmasına yönəlmiş bir cinayət kimi qiymətləndirdi.

Ümummilli Lider Heydər Əliyev Sovet hakimiyyətinin təzyiqlərinə qarşı mübarizə aparan və Azərbaycanın gələcəyini nəzərə alaraq 20 Yanvar faciəsinin Azərbaycan xalqı üçün nə qədər vacib olduğunu çox gözəl dərk edirdi. 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisələrinə ilk dəfə siyasi-hüquqi qiymət verdi. Bu qərar  yalnız Naxçıvanın deyil, bütün Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyət kəsb edirdi. Qərarda qeyd olunurdu ki, 20 Yanvar hadisəsi birbaşa Azərbaycan xalqına qarşı törədilən cinayət aktıdır. Bu hadisə sovet rejiminin zorakı metodlarla Azərbaycan xalqının iradəsini qırmağa çalışdığı və müstəqil dövlət qurmaq istəyini əngəlləmək məqsədi güddüyü bir dönəmin əyani sübutu olaraq təsvir olunurdu. Ümummilli Lider Heydər Əliyev həmin dövrdə Sovet hökumətinin və onun hərbi qüvvələrinin Azərbaycana qarşı törətdikləri bu cinayətə qarşı cəsarətli və prinsipial mövqe tutaraq xalqın haqqını müdafiə etməyə başladı. Onun Naxçıvanda verdiyi qərar 20 Yanvarın yalnız bir faciə olaraq deyil, həm də müstəqillik hərəkatının simvolu kimi tarixdə yer tutmasına səbəb oldu.

Ümummilli Lider Heydər Əliyevin  Naxçıvan Muxtar Respublikasının Ali Məclisində verdiyi bu qərar Sovet İttifaqı ilə olan əlaqələrin zəiflədiyi və Azərbaycanın müstəqillik yolunda irəlilədiyi bir dövrdə, xalqın azadlıq istəyinin məhkəmələrdə, beynəlxalq hüquq arenasında və tarixdə doğru qiymətləndirilməsinin təməlini qoymuş oldu. Bu qərar, eyni zamanda, beynəlxalq aləmdə Azərbaycanın mövqeyini gücləndirən və onun müstəqillik yolunun əsasını qoyan bir hadisə oldu.

Ülviyyə Aslanova,
Sabunçu qəsəbəsi, 170 saylı tam orta məktəbin
direktoru

Oxşar Xəbərlər

Back to top button