AnalitikaGündəm

Qanlı Yanvar faciəsi ağır bəşəri cinayətdir

Azərbaycan xalqının müstəqil inkişaf yolunu seçməsi müqabilində SSRİ rəhbərliyi imperiyanın gücünü göstərmək, onun imkanlarını nümayiş etdirmək qərarına gəldi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordu hissələri xüsusi qəddarlıqla, misli görünməmiş vəhşiliklərlə Bakıya yeridildi. Yanvar ayında erməni terrorçuları tərəfindən Əsgəran–Ağdam yolunda körpü, Şuşa şəhərini su ilə təmin edən boru kəməri, Ağdam şəhərində avtovağzal binası partladılmışdı. 19 yanvar tarixində Naxçıvan MSSR Ali Soveti Muxtar Respublikanın SSRİ-nin tərkibindən çıxması haqqında qərar qəbul edir, lakin Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Naxçıvanda Şada, Yuxarı Yaycı, Havuş, Günnüt və Batabat hücuma məruz qalır, Sədərək rayonunda 10 nəfər azərbaycanlı xüsusi qəddarlıqla öldürülür. Naxçıvan MSSR-in Kərki kəndi Ermənistan SSR-də yerləşən 7-ci sovet ordusunun hərbçiləri tərəfindən işğal edilərək ermənilərə təhvil verildi. Bakı və Gəncə şəhərlərində, digər yaşayış məntəqələrində ictimai siyasi vəziyyət daha da ağırlaşır, hakimiyyətsizlik hökm sürən respublikaya Ermənistan tərəfdən silahlı hücum güclənir. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti yanvarın 20-də saat 00-dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman versə də, fövqəladə vəziyyət rejiminin qüvvəyə mindiyi vaxt xalqa bildirilmədi. Axşam saatlarında ölkənin yeganə televiziyasının enerji bloku partladıldığından hücum barədə ictimaiyyətə məlumat çatdırılmadı. Təcavüzkarlıq aksiyası nəticəsində Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmış, xüsusi qəddarlıqla, misli görünməmiş vəhşiliklərlə Bakı zəbt edilmiş, dinc əhaliyə divan tutulmuşdu. Məqsəd Azərbaycan xalqının demokratiya uğrunda mübarizəsini boğmaq idi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilmiş, gözyaşardıcı qaz tətbiq olunaraq, hərbi texnika piketçilərin qurduğu maneələri əzib keçir, yaralıları süngüləyir, dinc sakinlərlə dolu avtobuslar gülləbaran edilir, əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutulur. Şəhərə beş istiqamətdən ordu yeridilmişdi. Tanklar Salyan kazarması tərəfdən hücuma keçir, sonra köhnə avtovağzal, “20 Yanvar” meydanı, keçmiş “Kimyaçılar Evi”-nin yanı ilə metronun Elmlər Akademiyası stansiyasının qarşısına irəliləyir. Qoşunlar Biləcəri yolunda qurulan barrikadanı uçuraraq Bakıya daxil olur.

İnsanların çoxu metroya tərəf qaçır ki, keçidə girsin, lakin sovet qoşun hissələri buna imkan vermir, insanlar gülləbaran edilir. Bu qanlı terror nəticəsində Bakıda və respublikanın rayonlarında 131 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər həbs olundu. Bu, sözün həqiqi mənasında, “ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş” qanlı cinayət idi. Yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdi. Azərbaycanlıların yaşadıqları 154 yaşayış məntəqəsi aramsız basqınlara məruz qalmışdı. Kəşfiyyat polkovniki Q.B.Smirnov baş verən qanlı Bakı hadisələrini araşdırarkən göstərir ki, ermənilər hücumdan əvvəl Azərbaycanla bağlı çox güclü və hərtərəfli təhlil olunmuş, dəqiq strateji kəşfiyyat məlumatlarına malik olublar. Kəşfiyyat generalı V.A.Kirpiçenko isə Heydər Əliyevə etdiyi telefon zəngində vicdan əzabı çəkdiyini etiraf edir. V.A.Kirpiçenko 1990-cı il yanvarın 22-də Azərbaycan xalqına ünvanladığı məktubda bildirirdi: “…Baş verənlərə görə, bir rus zabiti kimi həmişə əzab çəkəcəyəm. Çünki mən bu xalqı, onun ədəbiyyatını, tarixini, adət-ənənəsini çox sevirəm. Azərbaycan xalqı tarixdə yeri olan bir xalqdır…” Ümummilli lider Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, 20 Yanvar faciəsi totalitar kommunist rejimin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti idi. Ümummilli lider Heydər Əliyev xalqının fəlakətə düçar olduğu, təqib və təzyiqlərə məruz qaldığı bir dövrdə ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi numayəndəliyinə gəlib brifinq keçirir və Qanlı Yanvar cinayətinin günahkarlarını, SSRİ rəhbərliyini ittiham edir. Şübhəsiz, 20 Yanvar tarixdə bir faciə, dəhşətli bir terror aktı kimi qaldı. Amma bununla bərabər, Prezident İlham Əliyevin də vurğuladığı kimi, 20 Yanvar günü həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir.

Əyyub Əliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button