2024-cü ilin dekabr ayının 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində baş verən faciə xalqımızı dərindən kədərləndirdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Qazaxıstanın Aktau şəhəri yaxınlığında yaşanan təyyarə qəzası ilə bağlı çox qətiyyətli və prinsipial mövqe nümayiş etdirdi.
Pilotların və bütün ekipajın böyük qəhrəmanlığından söz açan Dövlətimizin Başçısı bildirdi ki, bu gün mən vida mərasimində iştirak etdim, həlak olan ekipaj üzvlərinin yaxınlarına başsağlığı verdim. Bu gün ekipaj üzvlərinin təltifi ilə bağlı mənim Sərəncamım olacaq. Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında” Respublika Prezidenti İlham Əliyev cənabları tərəfindən 29 dekabr 2024-cü il tarixli Sərəncam imzalandı. Sərəncama əsasən qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə Kşnyakin İqor İvanoviç (ölümündən sonra), Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra), Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edildilər Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olundular. Bu, dövlətimizin, ölkə Prezidentinin qəza zamanı xidməti vəzifələrini layiqincə yerinə yetirən və sərnişinlərin xilas olması yolunda həlak olan ekipaj üzvlərinin qəhrəmanlığına verdiyi qiymətin bariz nümunəsi oldu.
Xalqın, dövlətin, millətin maraqları, xalqın milli qürur, ləyaqət və şərəf məsələsi olanda İlham Əliyev heç bir halda, heç bir məqamda, heç bir güc qarşısında qətiyyən, bir addım geri çəkilmir, düşündüyünü, həqiqəti, haqqı, ədaləti ən sərt formada, ən təsiredici sözlərlə birbaşa deyir.
Natiq Musayev,
Bakı Dövlət Sosial İqtisad Kolleci-Təcrübə rəhbəri