AnalitikaGündəmSiyasət

Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır və onların hüquqlarını həmişə müdafiə edir

Dekabrın 25-də Bakı-Qroznı istiqaməti üzrə uçan AZAL təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət üçün sarsıdıcı hadisə oldu. Qəzadan sonra Azərbaycan Prezidenti dərhal hadisəyə reaksiya göstərərək ciddi tədbirlər gördü və dövlətin mövqeyini açıq şəkildə ifadə etdi.

Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır və onların hüquqlarını həmişə müdafiə edir. Prezident İlham Əliyev hadisə barədə məlumat alan kimi uçuş istiqamətini dəyişərək Bakıya geri qayıtdı və operativ müşavirə keçirdi. Qəzadan sonra hökumət tərəfindən Dövlət Komissiyası yaradıldı və Azərbaycan nümayəndələri dərhal Aktauya ezam olundu. İlk növbədə qəzanın texniki aspektlərini araşdırmaq, sübutlar toplamaq və vəziyyətin tam mənzərəsini yaratmaq üçün foto və video materiallar əldə edildi. Dövlətimizin başçısı qəza zamanı həyatını itirən və xəsarət alan ekipaj üzvlərinin qəhrəmanlığını yüksək qiymətləndirdi. Onların peşəkarlığı və fədakarlığı nəticəsində qəzanın daha ağır fəsadları qarşısı alındı. Xüsusilə, ekipaj üzvlərinin sərnişinləri xilas etmək üçün göstərdiyi səylər Azərbaycanın aviasiya tarixində əsl qəhrəmanlıq nümunəsi kimi qiymətləndirildi.

Qazaxıstan xilasedicilərinin və tibbi personalının dərhal reaksiyası və yardımları Azərbaycan tərəfindən yüksək qiymətləndirildi. Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı bu yardımlara görə minnətdarlığını bildirdi və qəzanın araşdırılması prosesində hər iki ölkənin birgə əməkdaşlığının əhəmiyyətini vurğuladı. Bu hadisə Azərbaycan-Qazaxıstan dostluq münasibətlərinin sınaqdan çıxdığını və daha da möhkəmləndiyini bir daha təsdiq etdi. Azərbaycan Rusiyadan hadisə ilə bağlı açıq və ədalətli mövqe gözlədiyini bəyan etdi. Cənab İlham Əliyev Azərbaycanın konkret tələblərini irəli sürdü: Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. Günahını etiraf etməlidir. Günahkarları cəzalandırmalı və təzminat ödəməlidir. AZAL təyyarəsinin qəzaya uğraması beynəlxalq aviasiya və diplomatiya sahəsində ciddi müzakirələrə səbəb oldu. Hadisəyə Azərbaycanın qətiyyətli və ədalətli yanaşması bir daha göstərdi ki, milli maraqlar hər zaman ön plandadır. Prezident İlham Əliyevin bu məsələdə göstərdiyi prinsipial mövqe ölkənin təhlükəsizlik, obyektivlik və beynəlxalq hüquqa əsaslanan mövqeyini açıq şəkildə ortaya qoyur.

Çingiz Tağıyev,
Qarabağ qazisi, YAP Sabunçu rayon təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button