Milli Məclisin komitə sədri: Milli iqtisadiyyatımız qlobal riskləri neytrallaşdırmalıdır
Gələn ilin dövlət büdcəsi layihəsi, hər şeydən əvvəl ölkə Prezidentinin müəyyən etdiyi strateji vəzifələri və təşəbbüsləri, yeni dövrün çağırışlarını, milli iqtisadiyyatımızın artım və inkişaf meyillərini, milli inkişaf prioritetlərindən irəli gələn sosial iqtisadi hədəfləri aydın bir şəkildə əks etdirir və bunların hər birinin reallaşdırılması üçün maliyyə təminatı yaradır.
ƏsasXəbər AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin noyabrın 25-də keçirilən iclasında deyib.
O bildirib ki, milli iqtisadiyyatımız və dövlət büdcəsi bir qayda olaraq qlobal iqtisadi trendlərin təsirinə məruz qalır. Aparıcı iqtisadiyyatlarda həyata keçirilən sərt monetar siyasət, davam edən geosiyasi münaqişələr fonunda qlobal iqtisadi artım həm 2024-cü, həm də 2025-ci ildə 3,2 faiz proqnozlaşdırılır. Dünya qiymət indekslərinin təhlili qlobal inflyasiya təzyiqlərinin cari ildə olduğu kimi, növbəti ildə də azalacağı ehtimalını yaradır. Dünya iqtisadiyyatında artımı stimullaşdıran tədbirlərin həyata keçiriləcəyi gözlənilir.
“Qeyd olunanları nəzərə alaraq, milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın yaratdığı imkanlardan faydalanmalı, qlobal riskləri isə neytrallaşdırmalıdır. Hesab edirik ki, ölkəmiz mümkün konyuktur risklərdən sığortalanmaq üçün müvafiq təhlükəsizlik yastığına malikdir. Xüsusi olaraq vurğulamaq istərdik ki, qlobal iqtisadiyyatdakı geosiyasi amillərdən doğan qeyri-müəyyənliklər fonunda növbəti ilin dövlət büdcəsi bir sıra makroiqtisadi göstəricilərlə dəstəklənir”, – deyə komitə sədri vurğulayıb.