Hər bir ölkənin bayrağı onun müstəqillik və suverenliyinin mühüm göstəricilərindən biridir Üçrəngli Azərbaycan bayrağı xalqımız üçün hər zaman müqəddəs sayılmışdır. Buna görə də respublikamızda 8 noyabr tarixinin Dövlət Bayrağı günü kimi qeyd olunması çox mühüm əhəmiyyət kəsb edir.
Bayrağımız illər ərzində uzun bir yol qət etmişdir.1918-ci ildə AXC-nin yaranmasından sonra üçrəngli bayrağımız təsis olunmuşdur. Lakin ölkəmiz Sovet imperiyasının tərkibinə daxil olunduqdan sonra bayrağımız dəyişdirildi.
Hələ Sovet İmperiyasının mövcud olduğu bir vaxtda 1990-cı ilin noyabrın 17-də üçrəngli Azərbaycan bayrağı 70 ildən sonra ilk dəfə öz qətiyyəti və iradəsi ilə azərbaycançılıq ideyalarını, məfkurəsini hər şeydən üstün tutan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin iclasında qaldırıldı. Üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul olundu.
2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı müvafiq Sərəncam imzaladı. Həmin Sərəncama əsasən, hər il ölkəmizdə noyabrın 9-u Dövlət Bayrağı Günü qeyd edilir. 2010-cu il sentyabrın 1-də ölkə başçısı İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı oldu. Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikasının dövlət bayrağı dünyanın ən hündür-162 metr bayraq dirəyində ucaldıldı. Dünyada ən hündür yerdə dalğalanan bayrağın eni 35, uzunluğu 70 metr, çəkisi isə təqribən 350 kiloqramdır. Qeyd edək ki, Ginnes dünya rekordları təşkilatı Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Ali Baş Komadan Cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın igid oğulları işğaldan azad olunmuş hər bir ərazimizdə üçrəngli bayrağımızı ucaltdılar. Əminliklə deyə bilərik ki, üçrəngli bayrağımız əbədi olaraq dalğalanacaqdır.
Nübar Rüstəmova,
Maştağa qəsəbəsi, 209 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi