Tbilisidə səfərdə olan Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
www.aktualinfo.az/icxeberinfo AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Hökumət administrasiyası məlumat yayıb.
Bildirilir ki, görüşdə Gürcüstan ilə Azərbaycan arasında hər iki ölkə üçün prioritet olan strateji əməkdaşlığın istiqamətləri diqqət mərkəzində olub. Söhbət zamanı mövcud səmərəli əməkdaşlığın vacibliyi qeyd olunub, tərəflər münasibətlərimizin daha da dərinləşdirməyə hazır olduqlarını bildiriblər.
Baş nazir deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Gürcüstana etdiyi səfəri xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, iki ölkə arasında çox yaxşı münasibətlər mövcuddur.
Görüş zamanı iqtisadiyyat sahəsində əməkdaşlığa da toxunulub.
Gürcüstan və Azərbaycanın etibarlı tranzit tərəfdaş olduqlarını vurğulayan hökumət başçısı deyib ki, birgə nəqliyyat dəhlizi etibarlı paylama kanallarına və qlobal bazarlara çıxış imkanlarının artırır. Regional əhəmiyyətli infrastruktur layihələrinin tam fəaliyyət göstərməsinin vacibliyi və Gürcüstan-Türkiyə-Azərbaycan əməkdaşlığının əhəmiyyəti vurğulanıb.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.