Analitika

Yeni Azərbaycan Partiyası xalqın iradəsi ilə yaranan partiyadır

Otuz il əvvəl Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdi. Belə bir vəziyyətdə ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə ulu öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir.

Ulu Öndərimizin liderliyi ilə güclü siyasi təşkilat və xalqın partiyası kimi yaradılan Yeni Azərbaycan Partiyası dövlətimizin qurulması və inkişafında xidmətləri olan böyük siyasi idarəçılık məktəbidir. Ulu Öndər Heydər Əliyevin ideyaları bu partiyanı daim möhkəmləndirmiş, onun siyasi fəaliyyətində düzgün istiqamətdə davam etməsini müəyyənləşdirmişdir.

Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi.

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 ili tamam oldu. Artıq onilliklərdir ki, ölkənin aparıcı siyasi təşkilatı olan YAP sosial-siyasi islahatların və iqtisadi tərəqqinin aparıcı qüvvəsi kimi öz mövqeyini daha da gücləndirir. Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış edib.

“1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu” deyən Prezident İlham Əliyev həmçinin vurğuladı ki, bu illəri sabitlik və inkişaf illəri kimi xarakterizə etmək olar: “Əsas məsələ odur ki, bu siyasət davam etdirilməli idi. Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Mən 2003-cü ildə xalqa söz vermişdim ki, bu yoldan dönməyəcəyəm. Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir. Biz iqtisadi islahatları dərinləşdirdik və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir”.

İslam Bafadarov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button