Analitika

Yeni Azərbaycan Partiyasının yaranması ilə parçalanmış cəmiyyət birləşdi

Cari ayın 21-ci günündə Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının 30 illik yubiley tədbiri keçirildi. Tədbirdə iştirak edənlər arasında partiyamızın sədri, cənab prezident İlham Əliyev, uzun illər partiyaya xidmətləri ilə fərqlənmiş veteranlar, partiyanın məsul vəzifələrdə çalışan işçiləri və eləcə də bir sıra müxalifət partiya sədrləri də var idi. Bir neçə saat davam edən möhtəşəm tədbirdə öz çıxışı ilə yaddaşlarda qalan partiya sədri bir sıra məsələlərə toxunmaqla bərabər həm də, partiyanın keçdiyi uzun və şərəfli inkişaf yolundan danışdı, 30 illik yubiley tədbiri ilə əlaqədar olaraq hər kəsi təbrik etdi.

1992-ci il noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi. Bu, xalqın Ümummilli lider Heydər Əliyevə böyük inamının, Onun rəhbərlik etdiyi partiyaya dəstəyinin bariz ifadəsi idi. Həmin dövrü xatırlayan Prezident İlham Əliyev bildirib ki, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə idi. Çünki hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçib: “1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır”.

Cari ilin ilk ayından dövlətimizin başçısı İlham Əliyevin idarəetmə sistemində təkmilləşməyə xidmət edən fərman və sərəncamlarına diqqət yetirmək kifayətdir. Ölkə Prezidentinin həyata keçirdiyi gəncləşmə siyasəti təqdir edilir. Gənclər ölkəsi olan ölkəmizdə onların potensial imkanlarından səmərəli istifadə olunması, idarəçilikdə irəli çəkilmələri bütün dövrlərdə öz aktuallığını qoruyub. Bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının təmsilçilərinin 40 faizini gənclər təşkil edir. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq gənclərin parlamentdə və bələdiyyələrdə təmsilçilik faizlərinin artırılması istiqamətində atılan addımlar öz bəhrəsini verir. Belə ki, Yeni Azərbaycan Partiyası son parlament və bələdiyyə seçkilərində zəngin seçki təcrübəsinə əsaslanaraq gənclərin parlamentdə və bələdiyyələrdə təmsilçiliyini artırıb. Bir sözlə, YAP Gənclər Birliyi ölkəmizdə gənclər sahəsində ən böyük təşkilat olaraq onların cəmiyyətdə fəal və təşəbbüskar rolunu dəstəkləyir.

Cənab prezidentin hakimiyyətdə olduğu dövrdə ən yaddaqalan hadisələrdən biri də, Vətən müharibəsində əldə olunan qələbədir ki, bu qələbənin də miqyası ölçüyəgəlməz dərəcədə böyükdür. Bəli, bu Qələbə həqiqətən də bizim qürur mənbəyimizdir. Bu reallığı Azərbaycan xalqı görür və bəlkə də bu, son 30 ildə bu qədər qürurlu olmamışdı – 44 gün ərzində tariximizin Zəfər Salnaməsi yazıldı, Bütövləşən Azərbaycanımız – Qarabağ Azərbaycanımıza qovuşduq. Məhz bu Böyük Qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə təsdiqlənməsinin reallığıdır. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: “Bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.

Bəli, Yeni Azərbaycan Partiyası 30 il şərəfli yol keçərək monolitliyini qorudu, gücləndi, öz üstünlüyü, parlaq qələbələri ilə heç bir seçkidə rəqib tanımadı. Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanaraq bir daha ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir. Bu, həm də hər bir vətəndaşın Prezidenti olduğunun göstəricisi, Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması ildən-ilə xalq-iqtidar birliyini göstəricisidir. Sədrimiz İlham Əliyevin də söylədiyi kimi: “YAP sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq”.

Mais Günəşli,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button