Bu gün qalib Azərbaycanın vətəndaşı olmağımızla qürur duyuruq

Azərbaycan Ordusunun Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda hərbi parad keçirilib. 2020-ci il dekabrın 10-da paytaxtın Azadlıq Meydanında keçirilən Zəfər paradı öz möhtəşəmliyi ilə hələ çox yaddaşlarda qalacaqdır. Bu paradda döyüşlərdə hərbi hissələrin nümayəndələri iştirak edib. Həmçinin 44 günlük Vətən Müharibəsində istifadə olunan texnikalar nümayiş olunub. Qələbə paradında Azərbaycan şahinləri də öz məharətini göstəriblər. Bu tarixi parad hər bir vətəndaşda böyük qürur hissi, ruh yüksəkliyi yaradır. Qələbə paradı bizim bütün şəhidlərin – həm birinci, həm də ikinci Qarabağ müharibəsində şəhid olanların ruhunu həmişə şad edəcəkdir. Şükürlər olsun ki, onların qanı yerdə qalmayıb, qisası alınıb.
Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı Azərbaycanın tarixi torpaqlarıdır.
Vətən müharibəsinin hələ ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.
Azərbaycan xalqı qardaş Türkiyə ilə birlikdə Bakının Azadlıq meydanında möhtəşəm Qələbəsinin Zəfər paradını keçirərkən Ermənistan daxili çaxnaşmalarla, etiraz mitinqləri ilə çalxalanırdı. 44 günlük müharibədəki acı məğlubiyyət Ermənistanın və onun havadarlarının onilliklər boyunca yürütdükləri təcavüzkar siyasətin süqutudur. Qeyd edək ki, Ermənistanın faşist hakimiyyəti üzərində Qələbə qazanmaqla Azərbaycan dövləti bu günə qədər icra edilməyən BMT qətnamələrini icra etdi.
Zəfər paradından bütün qoşun növlərini əhatə edən 3000 hərbçi ilə yanaşı, 150-dək hərbi texnika keçdi. Birlik, birləşmə və hərbi hissələrin xüsusi texnikaları və silah sistemlərinin keçidi zamanı nümayiş etdirilən xüsusi təyinatlı avtomobil, zirehli-tank texnikası, hava hücumundan müdafiə, artilleriya və əməliyyat taktiki raket sistemləri, pilotsuz uçuş aparatları ordumuzda aparılan modernləşmə işlərinin nümunələridir. Bu parad bir daha göstərdi ki, ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ötən 17 ildə uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib.
Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, hərbi birləşmə və hərbi tədris müəssisələrinin şəxsi heyətlərinin, hərbi texnikaların iştirak etdiyi Zəfər paradında ölkə ictimaiyyəti bir daha dövlətimizin hərbi gücünün, ordumuzun döyüş və qələbə əzminin əyani şahidi oldu. Hərbi gücün praktik nümayiş etdirildiyi parad hər bir azərbaycanlının öz ordusunun qüdrətinə olan inamını, qürur və fəxarətini qat-qat artırdı. Eyni zamanda bu hərbi parad düşmənə verilən növbəti mesaj oldu. Prezident İlham Əliyevin dediyi kimi: “Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.
Bəkirli Mürsəl,
YAP-ın gənc fəalı